Azərbaycan Premyer Liqasının iki təmsilçisi avrokuboklara vəsiqə şansını rəsmən itirib. Sport24.az xəbər verir ki, buna XXV turun ikinci oyun gününün nəticələri səbəb olub.

Belə ki, son turda görüşən “Səbail” və “Qəbələ” Konfrans Liqasına vəsiqə qazanmağa nəzəri şansları da qalmayıb. Bu, “Qarabağ”la görüşdə heç-heçə edərək 3-cü pilləyə yüksələn “Zirə”nin aktivinə 34-cü xalı yazmasından sonra reallaşıb. Rəşad Sadıqovun komandası 24 xala malik “Səbail” və “Qəbələ”ni artıq 10 xal qabaqladığından, onlar üçün əlçatmaz olub.

Bununla da 6-cı və 7-ci pillədə olan "Qəbələ"ylə "Səbail" avrokuboka düşməyəcəyi ilə barışmalı olub. Bunda hər iki komandanın, eyni zamanda ilk “üçlük”dəkilərin Kubokda da mübarizəni dayandırması da rol oynayıb. "Keşlə" yenidən son pilləyə düşsə də, Kubokun finalına çıxdığından şansını saxlayır. 

“Neftçi” və “Qarabağ” avrokuboklara vəsiqəni təmin edibsə, digər iki yerə 4 iddiaçı qalıb. Bunlar "Zirə" və finalçılar "Sumqayıt" və "Keşlə"ylə yanaşı, səfər qələbəsi sayəsində 5-ci pilləyə yüksələrək şansını saxlayan “Sabah”dı. 

Xatırladaq ki, "Səbail" tarixində cəmi 1 dəfə - 2018/19 mövsümündə bürünc medalçı kimi avrokuboklarda iştirak edib. İki dəfə Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olan "Qəbələ" isə ardıcıl 2-ci mövsümdü qitəmiqyaslı turnirlərdən kənarda qalıb.