"Real"ın və Fransa yığmasının hücumçusu Kilian Mbappe "Nike" ilə əməkdaşlığına son qoyaraq İsveçrənin "On" şirkəti ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Mbappenin "Nike" ilə əməkdaşlığı 2006-cı ildə – futbolçunun cəmi səkkiz yaşı olanda başlamışdı. Şirkətin əsas simalarından biri olmasına baxmayaraq, o, indi 2010-cu ildə təsis edilmiş "On" brendinə qoşulmaq qərarına gəlib. Əvvəllər əsasən qaçış ayaqqabıları üzrə ixtisaslaşan "On" şirkəti indi futbol sektoruna da daxil olmağı planlaşdırır.
İsveçrəli əfsanəvi tennisçi Rocer Federer "On" şirkətinin səhmdarıdır, Fransanın keçmiş hücumçusu Tyerri Anri isə brendin futbol bölməsinin direktoru vəzifəsini tutur.
Hazırda "On" şirkəti 2027-ci ildə təqdim olunacaq ilk futbol butsı modelini hazırlayır. Ayaqqabının çəkisini azaltmaq məqsədilə bu modellərin istehsalında fasiləsiz püskürtülən saplardan istifadə olunan "LightSpray" texnologiyası tətbiq ediləcək.
Kilian Mbappe təkcə brendin siması kimi deyil, həm də "On" şirkətinin səhmdarı qismində çıxış edəcək. Əməkdaşlığın maliyyə şərtləri barədə rəsmi məlumat açıqlanmayıb.