"Vaxtilə Avropa Liqasında qrupdan çıxmağa yaxın idik, alınmadı. Bu mövsüm bunun üçün yaxşı imkanımız var. Əsas işimizi görmüşük, qrupda oynayacağıq". Sport24.az xəbər verir ki, bu fikirləri bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Norveçin “Molde” klubuna qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi qrupdakı mübarizəyə qələbə ilə başlamaq istədiklərini, uğurlu çıxışı davam etdirmək üçün əllərindən gələni edəcəklərini söyləyib: "Hazırda hər kəs oynamaq istəyir, heyətimiz genişlənib. İnanıram ki, belə güclə, həvəslə bu il daha uğurlu çıxış edəcəyik”.

Maksim son vaxtlar az oynadığını etiraf edərək, öz hazırlıq durumuna da toxunub: "Az oynasam da, daim komanda ilə bir yerdəyəm. Özümü zədələrdən qorumağa çalışıram. Uzun müddət oynamasam da, təcrübəm var. Özümü həmişə oyunda iştirak edirmiş kimi görürəm. Qalan hər şeyi məşqdə götürməyə çalışıram”.