"Səbail"də yeni çempionatın startı ərəfəsində gözlənilməz gediş baş verib. Belə ki, komanda vitse-kapitanlarından da olmuş təcrübəli futbolçusu Adil Nağıyevlə yollarını ayırıb. Bu haqda Sport24.az-a komandanın baş məşqçisi Mahmud Qurbanov məlumat verib.
O, Bakıdan fərqli olaraq Tiflis toplanışındakı yoxlama matçlarında oynatmadığı 27 yaşlı mərkəz müdafiəçisi ilə bağlı qərarını çıxış etdiyi mövqedə rəqabətin olmasıyla əlaqələndirib: "Adilin gedişi oynamaq şansının az olmasıyla əlaqədardı. Bu dəqiqə onu elə vaxtıdı ki, oynayan vaxtıdı, ehtiyatda qalan yox. Və qərara gəldik ki, başqa kluba gedib karyerasını davam eləsə, daha yaxşı olar. Budu vəziyyət, başqa heç bir məsələ yoxdu".
Onu da bildirək ki, müqaviləsinə xitam verilən Adil karyerasını "Şamaxı"da davam etdirəcək. Onunla 2 illik müqavilə imzalanması nəzərdə tutulub.
Xatırladaq ki, "Səbail" uzun müddət çıxış etdiyi Nağıyevi yay fasiləsində saxlayaraq başa çatan anlaşmasını uzatlmışdı.
MEHMAN SÜLEYMANOV