İngiltərənin Derbi şəhərini təmsil edən "Rising Stars" komandası hazırda Bakıda təlim-məşq toplanışındadır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, İngiltərə təmsilçisi hazırlıq prosesini paytaxtdakı "Baku Arena"da (keçmiş ASK Arena) keçir.

Mənbənin bildirdiyinə əsasən, komanda şənbə günü Azərbaycan klublarından biri ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmanın rəqibi hələlik açıqlanmayıb.

"Rising Stars" İngiltərədə fəaliyyət göstərən və əsasən gənc futbolçuların inkişafı istiqamətində çalışan layihə-klub kimi tanınır. Komanda müxtəlif ölkələrdən istedadlı oyunçuları bir araya gətirərək onların inkişafına, beynəlxalq yoldaşlıq görüşlərində iştirakına və peşəkar klubların diqqətini cəlb etməsinə şərait yaradır.

Bundan əlavə, əldə etdiyimiz məlumata görə, "Rising Stars FC"nin heyətində yer alan bir neçə futbolçunun Azərbaycan klublarına təklif olunacağı da gözlənilir.