Avstriya millisinin kapitanı David Alaba 2026-cı il dünya çempionatının 1/16 finalında İspaniyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "Real"ın keçmiş futbolçusu rəqibin favorit olduğunu qəbul etsə də, komandasının meydanda çəkinməyəcəyini bildirib:
"Favorit İspaniyadır, amma biz də gücümüzü göstərməyə çalışacağıq. Onların oynadığı keyfiyyətli futbolu bəyənirəm. Fərq yaradan futbolçuları var. Rəqibi yaxşı təhlil etmişik və öz güclü tərəflərimizdən maksimum istifadə etmək istəyirik. İspaniyadan gizlənməyəcəyik".
Alaba "Rea"da keçirdiyi illərə də toxunub. O, klubda həm uğurlar qazandığını, həm də zədələr səbəbindən çətin dönəmlər yaşadığını vurğulayıb:
"Madriddə möhtəşəm vaxt keçirdim. Dizimdən və sonrakı zədələrdən sonra çətin anlar yaşadım. Amma bu proses həm insan, həm də futbolçu kimi inkişaf etməyimə kömək etdi. Gələcəkdə nələrin olacağını zaman göstərəcək".
Təcrübəli müdafiəçi İspaniya millisinin əvvəlki illərlə müqayisədə daha da gücləndiyini düşünür:
"2024-cü illə müqayisədə böyük fərq görmürəm. Əksinə, indiki komanda iki il əvvəlkindən də keyfiyyətli ola bilər. Onlar turnirin əsas favoritlərindən biridir".
Alaba dünya çempionatında sürpriz nəticələrin yaşanmasını normal qarşıladığını da bildirib:
"Burada dünyanın ən güclü komandaları mübarizə aparır və rəqabət çox yüksəkdir. İspaniyaya qarşı əvvəlki oyunlarımızdan daha yaxşı çıxış etməliyik. Buna nail ola biləcəyimizə inanıram".
Kapitan penaltilər barədə danışarkən isə bunları deyib:
"Penaltilərə tam hazırlaşmaq və ya onları tam şəkildə simulyasiya etmək mümkün deyil. Bu epizodları məşq edirik, amma diqqətimizi yalnız buna yönəltmirik".