"Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyada növbəti dəfə qalmaqalla gündəmə gəlib. Sport24.az xəbər verir ki, 28 yaşlı hücumçu sosial şəbəkə hesabında komandasının buraxdığı qolu bəyənib.

Belə ki, II Bundesliqada ötən tur "Kayzerslautern" "Nürnberq"lə üz-üzə gəlib. Son görüşlərdə heyətdən kənarda qalan azərbaycanlı forvard bu dəfə də matçı kənardan izləməli olub. Qarşılaşma da 1:1 hesabı ilə yekunlaşıb.

Emrelinin "Nürnberq"dəki keçmiş komanda yoldaşı Robin Knohe sözügedən matçda penaltidən fərqlənib. O, oyundan sonra qolunu instaqram hesabında paylaşıb, Mahir Emreli də bunu bəyənib.

Almaniyanın məşhur "Bild" nəşri də məsələ ilə bağlı məqalə dərc edib. Yazıda bu ifadələrə yer verilib:

"Başqaları üçün xoşbəxt olmaq xoşdur. Amma bu, öz komandanızın uğursuzluğu ilə əlaqələdirildikdə mübahisəlidir. 90+3-cü dəqiqədəki qol "Kayzerslautern"in qələbəni əldə verməsinə səbəb olub. Görünür, Emreli bundan həzz alıb. O, klubu qəsdən təhrik edirmi?"

Qeyd edək ki, Azərbaycanlı forvard yayda "Nürnberq"dən "Kayzerslautern"ə keçib. O, Polşanın "Legiya", Xorvatiyanın "Dinamo", Türkiyənin "Konyaspor" klublarında da legioner həyatı yaşayıb.