Türkiyənin "Alanyaspor" klubunun Azərbaycanda futbol məktəbinin açılışı olub. Mərasimdə "Alanyaspor"un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev və "Neftçi"nin futbolçusu Azər Salahlı iştirak edib. 

Tədbirdən sonra Salahlı Sport24.az-ın əməkdaşının suallarını cavablandıraraq, öncə açılış mərasimiylə bağlı təəssüratlarını bölüşüb. 

- "Alanyapsor" kimi köklü klubun Azərbaycanda futbol məktəbi açması təqdirəlayiq haldır. Bu, Azərbaycanın uşaq futbolu üçün böyük bir irəliləyişdi.

-  Karyeranızla bağlı yenilik olacaqmı? "Neftçi"də baş məşqçi dəyişikliyi gözlənilir. Sizi bu kluba Samir Abasov gətirib. "Neftçi"də baş məşqçi dəyişikliyi olsa, klubdakı taleyiniz üçün təhlükə ola bilərmi?
- "Neftçi"yə bu qış transfer olundum. 2,5 illik müqavilə imzaladım. Baş məşqçi dəyişikliyi isə klub rəhbərliyinin biləcəyi işdir. Samir Abasovla əvvəllər də işləmişəm. Onunla işləmək mənim üçün xoşdur. Dəyişiklik olacağı təqdirdə, yeni məşqçi necə futbol istəyəcəksə, onu oynamağa çalışacağam. 

- Başa çatan mövsümü özünüz üçün nə dərəcədə uğurlu hesab edirsiniz?
- "Neftçi" ilə gümüş medal qazandım. İkinci dövrə mənim üçün daha uğurlu alındı. Çünki ilk dövrədə müəyyən zədələr almışdım. İkinci dövrədə çempionluq uğrunda mübarizə aparsaq da, alınmadı və ikincliklə kifayətlənməli olduq. Növbəti mövsüm çempionluq uğrunda daha yaxşı mübarizə aparmağa çalışacağıq. 

- Bu mövsüm çempion "Qarabağ"la arada böyük fərq oldu. Axırıncı oyunda isə böyük hesabla uduzdunuz...
- Son matç formal xarakter daşıyırdı. Amma buna baxmayarq, "Neftçi" ilə "Qarabağ"ın oyunu derbidir.  

- Qarşıdan Millətlər Liqasının oyunları gəlir. 15 günə 4 matç keçiriləcək. Bu görüşlərdən sonra qrupun taleyinə böyük ölçüdə aydınlıq gələcək. Ağır mövsümdən sonra futbolçularda psixoloji və fiziki yorğunluq var. Oyunlara nə dərəcədə köklənə biləcəksiniz? 
- Doğru qeyd etdiniz. Axırıncı dəfə ardıcıl 4 matç oynamağımız yadıma gəlmir. Oyunların sayı ən çox 3 olub. Mövsüm sonununun yorğunluğu bir qədər çətinlik yaradacaq. Ancaq buna baxmayaraq hazırlaşıb yaxşı nəticə əldə etməliyik. Əsas hədəfimiz Slovakiya ilə oyun olacaq. Bu qrupda ancaq Slovakiya ilə oyun bir az çətin ola bilər. Əsas rəqibimiz onlardır. İndiki durumda Qazaxıstan və Belarusdan üstün olduğumuzu düşünürəm. Martda keçirilən oyunlarımız yoldaşlıq görüşləri idi. Həmin matçlardan nəticə çıxartmalı, Millətlər Liqasında inamlı oyun sərgiləməliyik.

 

 

MEHMAN SÜLEYMANOV