Azərbaycan klublarının pley-off mərhələsinin ilk oyunlarından sonra avrokubokların əsas mərhələsinə vəsiqə qazanmaq ehtimalları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.
UEFA Çempionlar Liqasında çıxış edən "Sabah"ın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsinə yüksəlmək şansı 35 faiz göstərilib. Azərbaycan çempionunun rəqibi "Hapoel" (Beer-Şeva) üçün isə bu göstərici 65 faizdir.
"Bayquşlar" pley-off mərhələsinin ilk oyununda İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzub. Bununla belə, Bakıdakı cavab qarşılaşmasında "Sabah"ın cütün taleyini öz xeyrinə dəyişmək imkanı qalır.
UEFA Konfrans Liqasında mübarizə aparan "Qarabağ"ın isə vəziyyəti daha yaxşıdır. Ağdam təmsilçisinin əsas mərhələyə vəsiqə qazanmaq ehtimalı 71 faiz qiymətləndirilib. "Köhlən atlar"ın rəqibi Niderlandın "Tvente" komandasında bu rəqəm 29 faizdir.
Beləliklə, ilk oyunlardan sonra "Qarabağ"ın mərhələ adlamaq şansı daha yüksək qiymətləndirilir. "Sabah" isə 35 faizlik ehtimala baxmayaraq, cavab görüşündə nəticəni dəyişərək Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilər.