FİFA-nın Azərbaycanda keçirəcəyi ilk U-15 dünya çempionatı və festivalı ilə bağlı maraqlı detallar ortaya çıxıb. Sport24.az xəbər verir ki, Braziliyanın "Sport Insider" nəşri yarışın keçirilməsi ilə bağlı əvvəllər aparılan danışıqlar barədə məlumat yayıb.
Məlumata görə, FİFA yeni U-15 turnirini kommersiyalaşdırmaq məqsədilə özəl investorlarla danışıqlar aparıb.
İlkin layihəyə əsasən, FİFA-ya üzv olan 211 milli assosiasiyanın U-15 komandalarının bir məkanda toplanacağı böyük futbol festivalının təşkili planlaşdırılıb.
Yarışın ABŞ-ın Orlando şəhərində yerləşən ESPN Wide World of Sports Complexdə keçirilməsi nəzərdə tutulub. Hətta turnirin yayımı və təşkili ilə bağlı ESPN-lə danışıqlar aparıldığı, açılış və bağlanış mərasimlərinin isə "Disney" parklarında keçirilməsinin planlaşdırıldığı bildirilib.
Lakin investorlarla aparılan danışıqlar nəticə verməyib və bu layihə sonradan dayandırılıb.
Bundan sonra FİFA U-15 Dünya Kuboku və Festivalının ilk dəfə təşkili üçün Azərbaycanı seçib. Qurumun qərarına əsasən, yeni yarış 22-31 oktyabr 2026-cı ildə ölkəmizdə təşkil olunacaq.
İlk turnirdə FİFA-ya üzv olan bütün milli assosiasiyaların oğlanlardan ibarət U-15 yığmalarının iştirakı nəzərdə tutulub. Yarışın əsas xüsusiyyətlərindən biri komandaların eyni məkanda toplanması və turnirin ənənəvi mundialdan fərqli, geniş futbol festivalı formatında keçirilməsidir.
FİFA Azərbaycanı ev sahibi seçərkən ölkənin minlərlə uşaq və onları müşayiət edən heyəti mərkəzləşdirilmiş şəkildə qəbul etməyə imkan verən idman və ümumi infrastrukturunu da nəzərə alıb. Azərbaycanın 2027-ci ildə U-20 Dünya Kubokuna ev sahibliyi etməsini isə qərarda "strateji davamlılıq" amili kimi qiymətləndirilib.
Beləliklə, əvvəlcə ABŞ-da investorların iştirakı ilə kommersiya layihəsi kimi gündəmə gələn U-15 Dünya Kuboku və Festivalının ilk ünvanı Azərbaycan olacaq. Oktyabrda keçiriləcək yarış ölkəmizə FİFA-nın yeni formatlı turnirinə ev sahibliyi edən ilk ölkə olmaq imkanı verəcək.