Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız səfərdə Lixtenşteynlə üz-üzə gələcək.

Qarşılaşma ərəfəsində isə diqqət çəkən başqa bir məqam var: bəzi portallarda, saytlarda və sosial şəbəkələrdə yığma ətrafında yaradılan mənfi ab-hava...

Sual yaranır: bu qədər neqativə nə ehtiyac var? Məqsəd nədir? İllərdir Azərbaycan "millisinin sükanı" arxasında yerli mütəxəssisin dayanmasını arzulayırdıq. Xarici məşqçilərin gəlişindən, nəticələrdən, futbolumuza yanaşmadan narazılıq edirdik. İndi isə baş məşqçi postunda öz mütəxəssisimiz – Ayxan Abbasov var. Bəs niyə ona işləmək, özünü göstərmək üçün imkan vermək əvəzinə, keçmişdə deyilmiş fikirlər yenidən gündəmə gətirilir?

Anton Krivotsyukla bağlı bir neçə il əvvəl səsləndirilmiş fikirləri məhz bu oyunun ərəfəsində yenidən müzakirəyə çıxarmaq kimə və nəyə lazımdır? Əgər məqsəd futbolumuzun inkişafıdırsa, bu cür müzakirələrin vaxtı və forması da düşünülməlidir. Millinin vacib oyunu ərəfəsində diqqəti meydandan kənar mübahisələrə yönəltmək nəyi dəyişəcək?

Toral Bayramov məsələsi də eyni yanaşmanın nümunəsidir. Bir neçə gündür onun "Bursaspor"da vurduğu avtoqol sosial şəbəkələrdə paylaşılır, futbolçu haqqında xoşagəlməz fikirlər səsləndirilir. Futbolda belə hallar olur. Amma bir avtoqola görə futbolçunu hədəfə çevirmək, onun bütün əməyini kölgədə qoymaq nə dərəcədə ədalətlidir? Üstəlik, millinin oyununa az qalmış belə bir kampaniyanın nə faydası var?

Gəlin, bir az da reallıqdan danışaq. Toral Bayramovu bu gün kimlə əvəz edə bilərik? Onun mövqeyində oynamağa hazır, eyni səviyyədə neçə futbolçumuz var? Bəyənmədiyimiz futbolçuları, məşqçiləri tənqid etmək asandır. Bəs alternativimiz varmı?

Lixtenşteynlə oyun millimizin gücünü müəyyənləşdirəcək əsas göstərici deyil. Komandamız 5:0 hesabı ilə qalib gəlsə belə, bütün problemlərimizin həll olunduğunu deyə bilmərik. Məğlub olsaq da, bu, hər şeyi dağıtmaq, yenidən ittihamlar yağdırmaq üçün əsas olmamalıdır. Üstəlik, Lixtenşteynlə əvvəlki qarşılaşmalarda da arzuolunmaz nəticələr yaşamışıq.

Əlbəttə, millinin çıxışı tənqiddən kənarda qala bilməz. Ayxan Abbasov da, futbolçular da nəticələrə görə məsuliyyət daşıyırlar. Amma tənqidlə gözdən salmağın, tələbkarlıqla ruhdan salmağın fərqi var. Öz futbolçumuza qarşı hər fürsətdə mənfi münasibət sərgiləməklə daha güclü milli komanda qura bilməyəcəyik.

Bu gün Ayxan Abbasov da, Toral Bayramov da, bu komanda da bizimdir. Başqa yığmamız, başqa futbolçularımız, başqa seçim imkanımız yoxdur. Olan kadrımız budur. Elə isə gəlin, onları daha da ruhdan salmaq əvəzinə, dəstək olaq. Qalib gəlsələr, birlikdə sevinək. Uduzsalar, səhvləri göstərək, nəticə tələb edək. Amma hər şeydən əvvəl öz millimizin yanında dayanaq.

Çünki millinin uğuru da bizimdi, uğursuzluğu da. Özümüzə qarşı çıxmaqla heç nə qazanmayacağıq!