Misli Premyer Liqası adlanan hazırkı çempionat məhz “Kəpəz”in ev matçıyla başlamışdı. Qış fasiləsindən sonra da belə oldu. Sadəcə, fərq məkanla bağlıdı. Çünki gəncəlilər artıq rəqiblərini Bakıda, Qəbələdə yox, doğma şəhərdə qəbul edirdi. Budəfəki rəqib “Qəbələ” də cari mövsümdə Nizami yurduna ilk dəfə qədəmlərini basırdı. Çünki təqvim belə gətirmişdi ki, “Kəpəz” Elmar Baxşıyevin komandasyla qış fasiləsinədək hər dəfə məhz onun meydanında görüşmüşdü. Qəbələdə nominal meydan sahibi olduğu matçda isə Yaşar Vahabzadənin baş məşqçiliyi dövründə darmadağın olunmuşdusa (0:3), Tərlan Əhmədovun rəhbərliyi altında səfər matçından xal ala bilmişdi – 1:1.

Bu dəfə “Qəbələ”ni Gəncədə qəbul edən “Kəpəz” doğma azarkeşlərini dəstəyinə malik olsa da,  onların sayı əvvəlki kimi çox deyildi. Bunda matçın həftəiçi – iş günü günorta saatlarında keçirilməsinində təsiri vardı. Gəncəliləri narahat edən əsas məqam heyətdə ciddi itkilər idi. Əsas da müdafiə xəttində. Birdən iki mərkəz müdafiəçisini itirən Əhmədov zədədən sağalan Zamiq Əliyevlə dayaq yarımmüdafiəçisi Mahir Həsənovu həmin mövqedə oynatmalı olmuşdu. “Kəpəz”in baş məşqçisi qış transferlərindən 4-nə start heyətində yer vermiş, 1-i də sonradan meydana buraxmışdı. “Qəbələ”də isə oyunöncəsi Gəncədəki məşqdə əsas kapitan Asif Məmmədovla ukraynalı Andrey Strijak zədələnərək sıradan çıxmışdılar. Bu, kələ-kötür qazonla bağlı idi ki, həmin amil oyunda da qonaqların əleyhinə işlədi. Asifin yoxluğnda Ürfan Abbasov həm kapitanlıq sarğısını qoluna taxmış, həm də cinahda yox, müdafiənin mərkəzində yer almışdı. Belə olan halda, əsas heyət üzvü ola stopper Murad Musayevin sonadək ehtiyatda qalması diqqət çəkdi.

Hesab açılanda da Ürfan diqqət mərkəzində oldu. Belə ki, hamı künc zərbəsinin yerinə yetiriləcəyini gözlədiyi anda baş hakim Elçin Məsiyev fitini səsləndirmədi. Çünki VAR otağından ona “pas” gəlmişdi. Bundan sonra FİFA referisi VAR monitoruna tərəf yollandı və epizoda 1 dəqiqəyə yaxın baxandan sonra penalti nöqtəsini göstərdi. Bu da məhz Abbasovun qaçarkən rəqibinə qarşı əllə qayda pozuntusuna görə olmuşdu. Hələ Antalyadakı yoxlama matçında penaltini dəqiq yerinə yetirən afrikalı yarımmüdafiəçi Ahmed Ayzaya bu dəfə də topu tora qovuşdurdu.

Hesabın erkən açılması da “Qəbələ”ni yuxudan ayıltmadı. Ümumiyyətlə, Elmar Baxşıyevin komandası ağır görünürdü, sanki Antalyada ağır yükləmələr altında keçən toplanışdan 2-3 gündü qayıtmışdı. Təbii ki, burda qazon amilinin də təsiri vardı. “Kəpəz” buna öyrəşərək sürətli hücumlar təşkil edə bilirdisə, “Qəbələ”də bunu görə bilmirdik. Hətta qonaqlar meydan sahiblərinin yeni qapıçısı Mario Mustapiçin “hədiyyə”sindən də yararlana bilmədi. Həmin anda xorvat kiperin xətası olsa da, qonaqların əsas qol ümidi Ramon Maçado zərbəsi “çərçivə”yə belə düşmədi.

“Qəbələ” ilk hissənin son 2 dəqiqəsində ikiqat zərbə aldı - əvvəlcə qapısında yenə top gördü, sonra Maçadonu itirdi. “Kəpəz”in yeni braziliyalısı Martins Junior rəqibin aparıcı futbolçularından olan İsnik Alimini cərimə meydanında ona qarşı kobudluq etməyə məcbur etdi ki, bu, 11 metrlik cərimə zərbəsi idi.  Bu dəfə Məsiyev epizodu özü gördüyündən qərarıa əmin idi və VAR-a ehtiyac duymadı. Maraqlıdı budu ki, Ayzaya yox, Fərid Nəbiyevlə Martins dartışmağa başladılar kim topu penalti nöqtəsinə qoysun. Sonda bu missiya penaltini qazanana düşdü və Juniorun zərbəsini Səlahət Ağayev az qala dəf edəcəkdi. Yekunda “Qəbələ” hesabda 0:2 geri düşdü və az sonra Ramon adi epizodda əzələsini dartaraq əvəzləməsinə işarə etdi. Onun yerinə meydana çıxan Ülvi İgəndərov yenə “uğur çubuğu” oldu. Bu haqda az sonra...

İkinci hissədə tam başqa “Qəbələ” və tam başqa “Kəpəz” gördük. Baxşıyevin Rövlan Muradovla Antalya toplanışını koronavirusa yoluxduğuna görə keçə bilməyən braziliyalı Rafael Utziki eyni anda meydana buraxmasıyla komandasının oyunu canlandı. “Kəpəz” isə arxaya tez “oturdu” və bununla da yekunda hesabdakı üstünlüyünü əldən vermiş oldu. Halbuki, Əhmədovun 2-ci 45 dəqiqə üçün tapşırığı bu yox, tam başqa imiş. Fasilədən sonra “Qəbələ”ni digər braziliyalısı diqqət mərkəzinə düşdü. Bu, Felipe Santos oldu ki, onun künc zərbəsindən sonra rəqibin cərimə meydanına gələn həmyerlisi Ruan Renato başla topu qapıdan keçirdi. Qonaqların təzyiqi artması tarazlığı bərpa edəcəyinə işarə idi ki, sonda belə də oldu. Həmin Ülvi topu uzaq küncə dəqiq yönəltdi. Bu zaman Felipenin qol sevincini qeyd edərkən gəncəli azarkeşlərə jesti qeyri-idman hərəkəti kimi qiymətləndirilərək sarı vərəqəylə sonuclandı. Həmin qolda Məsiyev VAR otağından da xəbər gözlədi, çünki ofsayd ehtimalı vardı. Orda da qolun qaydalar çərçivəsində vurulması xəbəri gəldi və matç davam elədi.

İsgəndərov son dəqiqələrdə qələbə topunu da vurmağa çox yaxın oldu. Amma bu zaman Mustapiç topu sinəsiylə qaytararaq komandasını məğlubiyyətdən xilas etdivə bununla da  qonaqların inanılmaz “comeback”ına əngəl oldu. Marionun matçda iki kritik qurtarışı olsa da, onun debüt matçını çox yaxşı keçirdiyini deyə bilmərik.Çünki bir qədər inamsızlıq, həyəcan hiss olunurdu, topu əksər vaxt ikinci cəhdən tutması diqqət çəkirdi. 90 dəqiqə hazır olmadığı müşahidə olunsa da, ümumilikdə fərdi oyun keyfiyyətlərinə görə yaxşı idi. “Sabah”da icarəyə götürülən gənc futbolçular – sağ cinah müdafiəçisi Abdulla Rzayevlə dayaq yarımmüdafiəçisi İdris İnqilablı xoş təsir bağışlaıdlar. İdris 1 idən sonra futbol oynayırdısa, Abdulla Premyer Liqada debüt edirdi. Ən vacibi odur ki, “Kəpəz”də həmin 4 cəzalı qayıdandan sonra oar ehtiyac oyunçular skamyası genişlənəcək. “Qəbələ”yə gəlincə, çempionatda növbəti xal itkisi arzuolumaz olsa da, oyunun gedişinə əsasən 1 xal da dəyərli idi. Tərlan müəllimin də vurğuladığı kimi, matçı ədalətl nəticəsi elə heç-heçə idi.

 

 

MEHMAN SÜLEYMANOV, Gəncə