"Çox gərgin və çətin oyun oldu. "Karvan-Yevlax"ın heyəti çox güclü və keyfiyyətli futbolçulardan təşkil olunub". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçi Füzuli Məmmədov deyib.

Təcrübəli mütəxəssis komandasının I Liqanın ikinci turunda "Karvan-Yevlax"a qalib gəldiyi oyunu şərh edib:

"Rəqibi təhlil edərkən onların gücünü və oyun keyfiyyətini görürdük. Buna görə də qarşılaşmanın asan keçməyəcəyini əvvəlcədən bilirdik. Futbolçularım meydanda sona qədər böyük mübarizə apardılar. Onlara verdiyimiz tapşırıqları istədiyimizdən də artıq yerinə yetirdilər. Hər bir futbolçu üzərinə düşən işi düzgün yerinə yetirməyə çalışdı. Komandanın ümumi mübarizə əzmi və xarakteri məni qane etdi. İki oyuna iki qələbə qazanmışıq. Təbii ki, bu nəticə bizim üçün yaxşı başlanğıcdır. Rəqiblər bəlli olduqdan sonra hər iki oyuna uyğun şəkildə hazırlaşmışdıq. Oyunçulara qarşılaşmaların mahiyyətini və əhəmiyyətini izah etmişdik. Onlar da meydanda bunun məsuliyyətini dərk edərək mübarizə apardılar. Bu qələbələr bizi arxayınlaşdırmamalıdır. Əksinə, hər növbəti qarşılaşmaya daha ciddi hazırlaşmalı və eyni mübarizəni davam etdirməliyik".

Qeyd edək ki, "Şahdağ Qusar" - "Karvan-Yevlax" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.