"Kəpəz" klubunda daha bir qalmaqallı iddia ortaya çıxıb. Sport24.az-a Gəncədə yaşayan və komandaya yaxın olduğunu bildirən şəxs müraciət edib.
Adının açıqlanmasını istəməyən həmin şəxs "Kəpəz"in kapitanı Dioqo Verdaskanın zədələnmədiyini iddia edib.
Onun sözlərinə görə, portuqaliyalı futbolçu heyətdən kənarlaşdırılıb və məhz bu səbəbdən qarşıdakı matçlarda komandaya kömək edə bilməyəcək.
İddia bununla da bitmir. Mənbə məşqçilər korpusunun daha iki futbolçunun da "qələmini qırdığını" və onların komandadakı gələcəyinin sual altında olduğunu bildirib.
Maraqlıdır ki, "Kəpəz" ötən gün Dioqo Verdaskanın məşq zamanı zədələndiyini açıqlamışdı. Lakin komandaya yaxın şəxsin Sport24.az-a verdiyi məlumat bu açıqlama ilə bağlı ciddi suallar yaradır.
Redaksiyamız məsələni diqqətdə saxlayır və yayılan iddiaların təfərrüatlarını, eləcə də klubun mövqeyini dəqiqləşdirməyə çalışacaq.
Xatırladaq ki, Dioqo Verdaska 2024-cü ildən "Kəpəz"in formasını geyinir.