"Mançester Yunayted"in mərkəz müdafiəçisi Lisandro Martinesin klubla yeni uzunmüddətli müqavilə imzalama ehtimalı açıqlanıb. Sport24.az "Football Insider"ə istinadən xəbər verir ki, argentinalı futbolçunun bu mövsüm zədəsiz qalaraq yaxşı performans göstərəcəyi təqdirdə yeni müqavilə təklifi alacağını bildiriblər.
''Mançester Yunayted" 28 yaşlı müdafiəçi ilə bağlı qərar verməyə tələsmir. Klubun Martinesin hazırkı müqaviləsini daha bir il uzatmaq hüququ var və bu bəndin aktivləşdirilməsi gözlənilir. Futbolçunun mövsümə əsas heyətdə başlaması da bu ehtimalı artırır.
Martines ötən mövsüm Maykl Karrik baş məşqçi təyin olunduqdan sonra zədədən qayıdaraq əsas heyətdə özünə yer edib. O, qarşıdakı aylarda da müdafiənin mərkəzində müntəzəm forma geyinməlidir.
Qeyd edək ki, Martines son 4 mövsümdə "Mançester Yunayted"in heyətində 112 oyuna çıxıb. Lakin bu müddətdə klub və milli komandada 100-dən çox matçı zədə səbəbindən buraxıb. 2025-ci ilin fevralında "Kristal Pelas"la görüşdə ağır çarpaz bağ zədəsi alan argentinalı təxminən 8 ay yaşıl meydanlardan uzaq qalıb.