"Sumqayıt" Futbol Akademiyasının koordinatoru Adil Şükürovun Sport24.az-a müsahibəsi

 

- Artıq bir aydan çoxdur ki, "Sumqayıt" Futbol Akademiyasının texniki direktoru təyin olunmusuz. Bu müddətdə akademiyada hansı dəyişikliklər həyata keçirmisiniz?

 


- İlk növbədə klub rəhbərliyinə bu cür məsuliyyətli işi mənə tapşırdıları, güvəndikləri üçün təşəkkür edirəm. Akademiyanın direktoru təyin olunduqdan sonra əsas diqqətimi seleksiya işlərinə və Sumqayıtda fəaliyyət göstərən futbol məktəbləri ilə əməkdaşlığa yönəltdim. Düşünürəm ki, ilk növbədə Sumqayıtda olan futbol məktəblərində yetişən uşaqlara daha çox diqqət yetirmək lazımdır. Çünki həmin məktəblərdə vaxtilə futbol oynamış və bu sahəni yaxşı bilən mütəxəssislər çalışırlar. Akademiyanın direktoru olaraq işə başladığım gündən etibarən məndən əvvəl qurulmuş struktur və görülən işlərlə bağlı müəyyən dəqiqləşdirmələr apardım. Məqsədimiz mövcud sistemi daha da inkişaf etdirmək, istedadlı futbolçuları üzə çıxarmaq və onların gələcəkdə əsas komandaya layiq səviyyəyə çatmalarını təmin etməkdir.

 

– İlk günlərdə akademiyada sizi ən çox düşündürən və dəyişdirilməsinə ehtiyac gördüyünüz məsələ nə oldu?

 


- Bu yaxınlarda "Sumqayıt"ın əsas komandasında oynayan akademiya yetirmələrini aşağı yaş qruplarının məşqlərinə dəvət etdik ki, uşaqlar üçün motivatsiya olsun . Gələcəklə bağlı da bəzi yeniliklər palnlarımızda var ki, bunlarıda mərhələli şəkildə həyata keçirməyə çalışacağıq.

 

- Hazırda akademiyada əsas komandaya layiq futbolçular var? 


- İşə başladığım gündən klub prezidenti Riyad Rəfiyevin dəstəyi ilə iki futbolçunu əsas komandaya cəlb etdik. Bildiyiniz kimi, "Sumqayıt" ötən mövsümün statistikasına əsasən, öz akademiyasının yetirmələrinə üstünlük verən əsas komandalardan biridir.

 

– Bölgələrldə seleksiya işi aparırsız?


- Qeyd etdiyim kimi ilk olaraq Sumqayıtdakı futbol məktəbləri ilə əməkdaşlıq qurmağa çalışırıq. Təbii ki, fəaliyyətimizi yalnız şəhərlə məhdudlaşdırmırıq və bölgələrdə fəaliyyət göstərən bəzi futbol məktəbləri ilə də əməkdaşlıq etməyi planlaşdırırıq. Yaxın vaxtda Sumqayıta yaxın rayonlarda fəaliyyət göstərən futbol məktəblərinin rəhbərliyi və məşqçilər heyəti ilə görüşlərimiz olacaq. Bu mövzuda onlarla müzakirələr aparacağıq. İnanıram ki, "Sumqayıt" Futbol akademiyası tək bir şəhərin yox, ümumiyyətlə, əsasən də Şimal zonasının istedadlı uşaqlarının üz tutacağı futbol məbədi olacaq.