"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Sportinq"ə 1:3 hesabı ilə uduzduqları oyunda hakim idarəçiliyindən narazı qalıb. Sport24.az xəbər verir ki, türkiyəli mütəxəssis norveçli baş hakim Espen Eskasın bir neçə qərarını tənqid edib.

Okan Buruk "Sportinq"in Luis Suaresin qazandığı penaltidən hesabı 2:1-ə gətirməsini düzgün qərar hesab etməyib. O, həmçinin 23-cü dəqiqədə Altimiranın Batrakova qarşı kobud müdaxiləsinə görə qırmızı vərəqə göstərilməli olduğunu bildirib:

"Futboldan başqa, oyunda başqa hadisələr də baş verdi. Qırmızı vərəqə verilməli idi, penalti isə təyin olunmamalıydı. VAR burada olsaydı, hakimə kömək edə bilərdi. Hakim çoxlu səhvlər etdi və bu, oyuna təsir göstərdi".

Baş məşqçi komandasının oyuna yaxşı başladığını və ilk qolu vurduğunu, lakin buraxılan bərabərlik qolundan sonra futbolçuların özünəinamının azaldığını söyləyib:

"2:1-dən sonra daha yaxşı oynaya bilərdik. Buna baxmayaraq, "Sportinq"i təbrik edirəm. Onlar bu hesabdan sonra daha yaxşı oynadılar".