"Gəncəbasar"la matçın son dəqiqələrində yaşanan epizodda penaltidən söhbət gedə bilməz. Bunu hamı gördü". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin baş məşqçisi Röyal Nəcəfov deyib.

Gənc mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Gəncəbasar"a məğlub olduqları matçla bağlı fikirlərini bölüşüb:

"Əslində, kubokda iddiamız yox idi. Əsas hədəfimiz Birinci Liqada qalmaqdır. Bu oyunda heyətdə rotasiya da etdik. Elə futbolçularımız var ki, 6 tur keçməsinə baxmayaraq, hələ meydana çıxmamışdılar. Onlara şans vermək istədik. Altı həftə oynamayan futbolçunun 120 dəqiqə meydanda qalması asan deyil. Əsas və ehtiyat qapıçılarımız zədəli idi. Bəzi futbolçuları isə ümumiyyətlə Şamaxıya aparmadıq ki, Bakıda bərpa prosesi keçsinlər".

Nəcəfov 120-ci dəqiqədə komandasının qapısına təyin olunan penalti qərarına da münasibət bildirib:

"Məşqçi heyəti və futbolçular dərhal etiraz etdilər. Çünki belə penalti olmur. Bu, futboldur, belə qərarlarla qarşılaşmaq mümkündür. Sadəcə, oyunçularımın çəkdiyi əziyyətə görə heyifsilənirəm. Onlar 120 dəqiqə ərzində can qoydular. Belə penalti ilə məğlub olmaq bizi üzür. Qərarı yanlışdır, hakim verdiyi qərarın doğruluğuna 100 faiz əmin olmalıdır. Həmin epizodda top futbolçunun əlinə deyil, belinə dəyir. Oyunçu formasını çıxararaq kürəyindəki izi göstərdi və topun məhz həmin nahiyəyə dəydiyini bildirdi".

Qeyd edək ki, "Xankəndi" - "Gəncəbasar" qarşılaşması qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.