Azərbaycanın FIFA referisi Əliyar Ağayev Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunlara təyinat almayıb. Sport24.az məsələ ilə bağlı araşdırma aparıb.
38 yaşlı ədalət təmsilçisi ötən tur "Zirə" - "Turan Tovuz" matçında səhv qərar vermişdi. AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker də Ağayevin meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin "sarı" ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirmişdi. Ədalət təmsilçisi yanlış qərara görə bu turda təyinat almayıb?
Əldə etdiyimiz məlumata görə, Əliyar Ağayev qarşıdakı həftə UEFA turnirlərinin birində iş başında olacaq. Ola bilsin FIFA referisi məhz bu səbəbdən cari turda çempionat matçında iştirak etməyəcək.