Malidən olan futbolçu Maharafa Tandina Azərbaycan klubu "Karvan-Yevlax"a qarşı FIFA-ya maliyyə iddiası qaldırıbmış. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Futbolçu 2024-cü ilin dekabrında klubla 1 illik müqavilə imzaladığını, lakin daha sonra qarşı tərəfin ondan əlavə olaraq 3000 dollar "lisenziya haqqı" tələb etdiyini və bunun müqavilənin pozulmasına səbəb olduğunu iddia edib.
O, həmçinin 13200 dollar məbləğində təzminat, səfər xərcləri və faizlərin ödənilməsini istəyib.
Lakin "Karvan-Yevlax" FIFA prosesində mövqeyini təqdim etməyib və iddialara rəsmi cavab verməyib.
Buna baxmayaraq, FIFA futbolçunun təqdim etdiyi sübutları kifayət qədər əsaslı hesab etməyib. Qurum xüsusilə yazışmaların və səs yazılarının rəsmi şəkildə təsdiqlənmədiyini, eləcə də klubun müqaviləni birtərəfli şəkildə pozduğunu sübut edən yetərli dəlil olmadığını bildirib.
FIFA həmçinin futbolçunun uzun müddət ərzində hüquqi addım atmamasını da nəzərə alaraq iddianı təsdiqləməyib.
Nəticədə, Malidən olan futbolçunun bütün tələbləri rədd olunub.
Qərara əsasən, onun İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ saxlanılır.