"Hər şey plana uyğun keçdi. Çox yaxşı və məhsuldar təlim-məşq toplanışı keçirmişik. Hazırlıq prosesində həm fiziki, həm də taktiki baxımdan üzərimizdə yaxşı işlər gördük".
Bu sözləri Sport24.az-a açıqlamasında "Turan tovuz"un futbolçusu Faiq Hacıyev deyib.
26 yaşlı müdafiəçi hazırlıq prosesinin qarşıdakı oyunlar baxımından əhəmiyyətindən danışıb:
"Düşünürəm ki, bu toplanış qarşıdakı oyunlara hazırlaşmağımız baxımından bizim üçün çox faydalı oldu. İlk oyunlar həmişə çətin keçir. Çünki komanda yeni mövsümə başlayır, oyun ritmini tam olaraq bərpa etmək üçün müəyyən vaxta ehtiyac olur. Oyunlar keçdikcə daha yaxşı formaya düşməyə və hər matçda əvvəlkindən daha yaxşı çıxış etməyə çalışacağıq. Buna baxmayaraq, çempionata yaxşı başlamaq bizim üçün çox vacibdir. İlk oyunlardan maksimum nəticə əldə etmək və mövsümə inamlı start vermək istəyirik. Ehtiram müəllim komandanın qarşısına çempionluq hədəfi qoyulduğunu bildirib. Bu da bizim üçün böyük məsuliyyətdir. Qarşımıza belə bir hədəf qoyulubsa, biz də buna uyğun çalışmalı, hər məşqdə və hər oyunda maksimumumuzu verməliyik. Çempionluğa gedən yol asan deyil, bunun üçün mövsüm boyu stabil çıxış etmək, intizamlı olmaq və hər oyuna ciddi yanaşmaq lazımdır. Komanda olaraq qarşıya qoyulan məqsədə inanırıq və bunun üçün əlimizdən gələni etməyə çalışacağıq. Əsas məqsədimiz meydanda göstərdiyimiz oyunla azarkeşlərimizi sevindirmək və mövsümün sonunda istədiyimiz nəticəni əldə etməkdir. İnşallah, qarşıdakı oyunlarda hazırlıq prosesində gördüyümüz işləri meydanda da göstərəcəyik və hər şey istədiyimiz kimi olar".
Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasının ilk turunda evdə "Qəbələ" ilə qarşılaşacaq.