"Əlbəttə, yaxşı bir səfər oldu. Komanda üzvlərini isti qarşıladılar. Xüsusilə də akademiyanın üzvləri futbolçulara öz sevgilərini göstərdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Araz-Naxçıvan" komandasının baş məşqçisi Elmar Baxşıyev deyib.

Onun sözlərinə görə, Naxçıvana səfər komandaya müsbət enerji ötürüb:

"Futbolçular gələcəyin ulduzları ilə həm fotolar çəkdirdi, həm əyləncə xarakterli futbol oynadı, həm də onlara imzalı forma və avtoqraflar payladı. Bu səfər onların yaddaşında dərin izlər buraxacaq. Futbolçularımız isə təmsil etdikləri bölgəni gördülər, tanış oldular, stadionu gördülər. Onlar da istəyərdi ki, doğma meydanda, publika qarşısında oynasınlar. Ancaq bu bizdən asılı deyil. Ümumiləşdirsək, səfər bizə müsbət enerji ötürdü. İnfrastruktur qurmaq baxımından şərait? Bu sual birbaşa rəhbərliyə aiddir. Şərait var, ancaq görüləcək işlər çoxdur. Təbii ki, bu da böyük maliyyə tələb edir. Gələcəkdə biz də komanda olaraq öz meydanımızda oynamaq, onların dəstəyindən güc almaq və uğurlarımızı onlarla bölüşmək istərdik. Yenidən Naxçıvana səfər? Suala konkret cavab verə bilmərəm. Bu dəfə millinin oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib getdik Naxçıvana. Gələcəkdə də istərdik azarkeşlərlə görüşlər keçirək. Ancaq bunun üçün fasilənin uzunmüddətli olması lazımdı".

Qeyd edək ki, Misli Premyer Liqasında ev oyunlarını Bakıda keçirən "Araz-Naxçıvan" heyəti Naxçıvana səfər edib.