"Milliyə dəvət olunan qapıçılar son zamanlar daim ölkənin əsas komandasına çağırılır". Bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev deyib.

Azərbaycan millisinin sabiq qapıçısı millimizin Fransa və Ukrayna ilə oyun üçün dəvət olunan qapıçıların klublarında oynamamasına münasibət bildirib:

"Şahruddin Məhəmmədəliyev çempionatda 3 oyuna çıxıb. Digər qapıçılar - Rza Cəfərov və Aydın Bayramov bir oyunda belə iştirak etməyib. Bu durum bizi narahat edir. Ümumiyyətlə, son zamanlar milliyə eyni qolkiperlər dəvət olunur. Hazırda futbolumuzda ən güclü qapıçılar kimlərdisə, onlar da dəvət alıb. Fransa və Ukrayna ilə oyun? Çox çətin və təzyiqli matçlar olacaq. Hər iki qarşılaşma da səfərdədir. Ayxan Abbasov yeni baş məşqçi təyin olunub. Düşünürəm ki, bu amil futbolçuların motivasiyasına təsir edəcək. Onlar sona qədər vuruşub, yaxşı nəticə ilə vətənə dönmək istəyəcəklər".

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə, 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.