"Baku Sportinq" üzərində qələbə bizi çox sevindirir. Son iki oyunda məhsuldarlıq nümayiş etdirməyimiz və ardıcıl qələbələr qazanmağımız komandaya əlavə motivasiya verir". Bu sözləri Sport24.az-a "Şimal"ın məşqçisi Tural Cəlilov deyib.
Gənc mütəxəssis komandasının ILiqanın 6-cı turunda "Baku Sportinq"ə qalib gəldiyi oyunu şərh edib:
"Bu nəticələr futbolçuların özünəinamını artırır və qarşıdakı oyunlara daha yaxşı köklənməyimizə kömək edir. Rəqibin heyətində kifayət qədər təcrübəli və keyfiyyətli futbolçular var. Sadəcə, hazırda onlar da "qara zolaq"dadırlar. Mövsümün sonuna qədər nə qədər çox xal toplasaq, bizim üçün bir o qədər yaxşıdır. Hər oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq və imkanlarımızdan maksimum istifadə etməyə çalışırıq. Mövsümün əvvəlində qarşımıza əsas hədəf kimi I Liqada mövqeyimiz qorumaq məqsədi qoymuşuq. Bunun üçün hər matçda əlimizdən gələni etməli, mübarizəmizi sona qədər davam etdirməliyik".
Qeyd edək ki, "Şimal" - "Baku Sportinq" matçı meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.