Azərbaycan Premyer Liqasında qarşıdakı turu 10 futbolçu cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, ən böyük çətinliklə "Sabah" üzləşəcək.

Belə ki, sabah və birigün olacaq XV turda cəzalılardan yarısı tək Ramin Quliyevin komandasındadı. Keçən tur qırmızı vərəqə alan "Sabah"ın müdafiəçiləri - Təmkin Xəliladə, Bəhlul Mustafazadə və serbiyalı Filip İvanoviçin cəzalı olmaları bəllidirsə, bura 4-cü sarı vərəqə limtiin aşan yarımmüdafiəçi Coşqun Diniyevlə hücumçu Ramil Şeydayev də daxildi. Onlar "Sumqayıt"la səfər matçını kənardan izəməli olacaqlar. "Sabah"ın rəqibində isə bu, vərəqə limitini aşan müdafiəçi Tellur Mütəllimovdu.

"Keşlə" - "Neftçi" görüşündə cəzalılar liderlər olan oyun qurucularıdı. Bunlar meydan sahiblərində paraqvaylı Sezar Meza Kolli, qonaqlarda belçikalı Sabir Buqrindi. 

"Qarabağ" "Zirə" qarşısına İsmayıl İbrahimlisiz çıxacaq. Bu gənc yarımmüdafiəçinin də 4-cü sarı vərəqə problemi var. 

"Səbail"in qonağı olacaq "Qəbələ"də cəzalı Rüfət Əhmədov cari çempionatda 2-ci dəfə bu aqibətlə üzləşir. Məsələ ondadı ki, 21 yaş limitində oynayan bu sol cinah müdafiəçisi III dövrədə qırmızı vərəqə aldığına görə 1 oyun cəzalı olmuşdu. Bu dəfə isə Rüfət vərəqə limitini aşıb. 

Bu turda cəzalı məşqçilər də var. Belə ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov keçən turda "Sabah"la səfər matçında "texnik zona"dan qovulmasa da, görüşdən dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyunluq cəzalanıb. "Sabah"ın cəzalandırılan serbiyalı məşqçisi Miloş Yevtiç barəsində isə araşdırma aparılır.