"Oyunun Bakıda keçirilməsi "Sabah"ın "Slaviya" üzərində şanslarını bir qədər artırır". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda keçiriləcək "Sabah" - "Slaviya" qarşılaşması haqda fikirlərini bölüşüb:

"Ümid edirəm ki, azarkeşlər Bakı Olimpiya Stadionunu dolduracaq və komandamıza sona qədər dəstək olacaqlar. Fanatların önündə oynamaq "Sabah" üçün psixoloji üstünlük yarada bilər. "Slaviya" təxminən "Sabah"la eyni gücdə komandadır. Çempionlar Liqasında təsadüfi qonaq olmur. Təbii ki, qarşılaşma asan keçməyəcək və təmsilçimiz sona qədər diqqətli olmalıdır. Oyun üslubuna gəlincə, düşünürəm ki, "Sabah" ciddi dəyişiklik etməyəcək. Komanda həmişəki oyun planını bir qədər də təkmilləşdirməli, sürətli keçidlərdən və əks-hücumlardan maksimum yararlanmalıdır. Rəqibi məhz bu cür epizodlarda yaxalayıb qol vurmaq mümkündür. Çexiya təmsilçisi də hücumda kifayət qədər sürətli, müdafiədə isə diqqətli komandadır. Buna görə də "Sabah" həm hücumda fürsətləri dəyərləndirməli, həm də müdafiədə intizamlı oynamalıdır".

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-da, Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.