Başa vurduğumuz həftənin ən yaddaqalan hadisələrindən biri Bəhlul Mustafazadənin də legioner həyatı yaşayacağı xəbəri ilə bəzədildi. Ancaq “Sabah”ın müdafiəçisinin “pensionerlər məkanı” - Birləşmiş Ərəb Əmirlikləri təmsilcisinin sıralarına keçməsi birmənalı qarşılanmadı. “Əl-Əyn” klubu ilə şəxsi müqavilə məsələsi hələ rəsmiləşməsə də, 24 yaşlı futbolçunun 3 illik sövdələşməyə qol çəkəcəyi dəqiqdi. “Sabah”ın idman direktoru İqor Ponomaryov da Bəhlulun artıq klublarına məxsus olmadığını təsdiqləyib. İndi məsələnin iki başı var və hər ikisi də maraqlıdı. Dolayısı ilə ortaya iki sual çıxır: 
A) bu transfer futbolumuz üçün uğurdurmu?
B) Bəhlulun şeyxlərin yanına getməsi Azərbaycana fayda verə bilərmi?


“Əl-Əyn” ölkəsinin ən titullu klubudur - 17 dəfə çempion olub bu kollektiv. Yəni, BƏƏ-yə getdikdə, çalış “Əl-Əyn”i seç. Ancaq bu da var ki, sözügedən ölkəyə Avropadan üz tutanlar adətən 30+ yaşında olur ki, karyeralarının qürub çağında şeyxləri feyziyab etməklə bank hesablarını zənginləşdirsin. Mustafazadə isə karyerasının qızıl dövrünü yaşayır. Vur-tut 24 yaşı var. Bu baxımdan mərkəz müdafiəçisinin pulu üstün tutması nəinki ayıbdı, hətta utancvericidi. Lakin bu fikrə düşmək üçün yadplanetli olmalısan. Bəhlulun hansı xasiyyətdə olmasi haqda saatlarla danışmaq olar. Elə milli ilə ilk dəfə səfərdən dönüşü zamanı fikirlərini almaq üçün hava limanında qısa söhbətdə nə qədər qızardığının şahidi olduğum an nəyə desən dəyər. Mustafazadə təhsilə, elmə, incəsənətə meylli bir gəncdi. Onun bir göz qırpımında xasiyyətinin, həyata baxışının dəyişməsi mümkünsüzdü. 

Bəs niyə “Əl-Əyn”? Sən vurmadın, mən yıxılmadım. Bəyəm Mustafazadənin elçiləri düzülmüşdü növbəyə, o da Asiyanı Avropadan üstün tutdu? Əlbəttə ki, yox. Digər tərəfdən onu da qeyd edək ki, illər ötdükcə, istənilən futbolçuya tələbat azalır. Yəni, müdafiəçinin ili ilə satması birmənalı şəkildə səhv olardı. Üstəlik həmyerlimizin keçdiyi klubun “sükanı arxası”na da diqqət yetirmək lazımdır. Sergey Rebrov Macarıstanda “Ferentsvaroş”la yetərincə uğurlu olmağı bacarıb. İndi də BƏƏ-nin ən titullu komandasını çalışdıracaq. Mustafazadə yeni baş məşqçisi sən mütləq nələrisə öyrənəcək. Onu da nəzərə alaq ki, istənilən legionerdən tələb tələb həmişə daha artıq olur. Deməli, həmyerlimiz ustalıq sarıdan da, fiziki baxımdan da artırmağa məhkumdu. Bu isə milli komanda üçün çox faydalı olacaq.

Əvvəlcə, Mahir Emreli, ardınca Bəhlul Mustafazadə. Növbə kimdədi? Təki bu tendensiya davam etsin. Davam etsin ki, millimiz də güclənsin.

 

 

CEYHUN ƏLİYEV