“Sabah” Premyer Liqanın 8-ci turunda autsayder “Şamaxı” ilə səfər matçında xal itkisindən son anda qurtuldu. Paytaxt klubuna 3 xal qazandıran qola isə 90+1-ci dəqiqədə mərkəz müdafiəçisi Abdulaye Ba imza atdı.

31 yaşlı portuqaliyalı futbolçu Sport24.az saytına müsahibəsində həm bu görüşü dəyərləndirdi, həm də qarşıdakı matçla bağlı düşüncələrini bölüşdü.

- Premyer Liqanın 8-ci turunda autsayder “Şamaxı”nı son dəqiqə qolu sayəsində məğlub etdiniz (1:0). Rəqibin bu müqaviməti sizin üçün gözlənilməz olmadı?

- Oyun çətin keçdi. Rəqib 5-6 futbolçu ilə müdafiə olunur, meydanda boşluq vermir, həmçinin əks-hücumdan oynayırdı. Çətin olsa da, matçın son dəqiqələrində qol vuraraq bu görüşdən də 3 xalla ayrılmağı bacardıq. Qalib gəldiyin oyundan sonra əhval-ruhiyyə həmişə xoş olur. Xüsusən də, qolu sən vurmusansa.

- Çoxları asan qələbə qazanacağınızı gözləyirdi. Vaxtında qol vurmağınıza nə mane olurdu?

- Səfərdə çıxış etmək evdə oynamaqla eyni deyil. Hər şey dəyişir. Çətinliklə qarşılaşmağımızda bu amilin də rolu oldu.

- Son dəqiqədə hücuma çıxanda qol vuracağını hiss edirdin, yoxsa məcburiyyətdən irəli atılmışdın?

- Komandanın uğuru üçün çalışırsansa, meydana çıxanda özünəinam olmalıdır. Əlbəttə, mən də meydanda apardığım hər mübarizədə özümə, komandama fayda verəcəyimə inanırdım.

- Mərkəz müdafiəçisi olsan da, artıq 2 qol vurmusan. İlk 8 tura əsasən həm özünün, həm də komandanın çıxışını necə dəyərləndirərdin?

- Hər birimizin fərdi keyfiyyətlərimizin üzə çıxmasına təkan verən kollektiv işdir. Hazırda əldə etdiyimiz nəticələr, vurulan qollar da buna daxildir. Əlbəttə, qol vurmaq əyləncəlidir və gələcək martçlarda da bunu davam etdirməyə çalışacağam.

- Portuqaliya, İspaniya, Türkiyə, Almaniya və Rumıniyada oynamış biri kimi, Azərbaycan Premyer Liqasının səviyyəsi səni qane edir?

- Bəli, bu günə kimi bir çox ölkədə çıxış etmişəm. Həmin ölkələrdə çıxış etdiyim klublar, qazandığım təcrübə mənim üçün əvəzedilməzdir. İndi Azərbaycanda, “Sabah”dayam. Bu, mənim üçün yeni çağırışdır. “Sabah” iddiaları olan klubdur. Bu ölkədə, bu klubda olmaqdan şadam. 

- Artıq 31 yaşın olduğunu nəzərə alsaq, “Sabah”da daha uzun müddət oynamağı, yoxsa yenidən böyük klublardan birinə keçməyi hədəfləyirsən?

- İndi yalnız və yalnız komandamın qarşıdakı oyunlarına köklənmişəm. Bayaq da dediyim kimi, burada olmaqdan məmnunam. Gələcəkdə nə olacağını birlikdə görəcəyik.

- Premyer Liqanın 9-cu turunda “Kəpəz”lə keçiriləcək oyunla birinci dövrəyə yekun vurulacaq. Razısan ki, bu matçda xal itkisi sizin üçün qəbuledilməz olar?

- Bu görüşə də digər oyunlara olduğu kimi hazırlaşırıq. Mən və komanda yoldaşlarım öz gücümüzə inanırıq. İnanıram ki, bu matçdan yaxşı nəticə ilə ayrılacağıq.

 

 

KAMAL RZA