"Səbail" mənə doğma olan komandadı. Klubun rəhbərliyi və məşqçi heyəti ilə ayrı-ayrı komandalarda işləmişəm". Bu sözləri Sport24.az-a açıqlamasında növbəti mövsüm Birinci Liqada mübarizə aparacaq "Səbail"in yeni transferi Bahadur Həziyev deyib.

Həziyev yenidən sabiq komandasına geri dönməsini şərh edib:

"Səbail"dən başqa 3 təklifim var idi, amma seçimim Bayıl təmsilçisindən yana oldu. Bir neçə il öncə bu klubda çıxış etmişəm. Ona görə də uyğunlaşma problem olmadı. Bu mövsüm komandanımızın hədəfi Birinci Liqada çempionluq olacaq. Rəhbərlik "Səbail"in yenidən Premyer Liqaya dönməsini çox istəyir. Bunun üçün əlimizdən gələni edəcəyik. Birinci Liqada başqa iddialı kollektivlər var, amma ümid edirəm ki, "Səbail" oyunu ilə digərlərindən seçiləcək. Heyətdə təcrübəli futbolçular var. Məqsədimizə nail olacağımıza hamımız inanırıq. Klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular yeni mövsümü səbirsizliklə gözləyir".

Qeyd edək ki, Bahadur 2019/2020-ci və 2020/2021-ci illər mövsümlərində, həmçinin 2023/2024-cü illər mövsümündə "Səbail"də çıxış edib.