Futbol üzrə millimiz  sabah UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunun oyunu çərçivəsində sabah Bakıda Litva yığmasını qəbul edəcək. Sport24.az xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Litva da, biz də bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Bəzi futbolçular 90 dəqiqə meydanda oldular. 4-cü oyunumuza çıxırıq. Futbolçularla söhbətimiz oldu. Təəssüf ki, son matçda qələbə qazana bilmədik. O oyundan daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Onlara inanıram. Lixtenşteynlə qarşılaşmanı unudub, Litvaya qarşı mübariz oynamalıyıq. Azarkeşlərimizi sevindirmək istəyirik.

 

- Tənqidlər çoxdur, futbolçularla nə danışırsız?

- Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Oyundan dərhal sonra futbolçularla təkbətək söhbətlərimiz oldu. Bəzi futbolçular var ki, buradakı təzyiqi hiss edirlər və klubdakı qədər rahat çıxış edə bilmirlər. Həmin oyunçular milli karyeralarına yeni başlayır. Onlara vaxt lazımdır. Təcrüəbəli oyunçularımız da var. Milli bu cür vəziyyətlərə düşüb. İnanırıq, bundan da çətin vəziyyətdə komanda toparlanmışdı. Bir oyunla hər şey bitmir. Belə qarşılaşmalar bizə çox şey verir. İstəyirik ki, qrup lideri olaq. Gələn tsikldə C Liqası tam başqa cür keçiriləcək. Güclü rəqiblər daha çox olacaq. Komanda formalaşdırmaq üçün hansısa yolu keçməlisən, futbolçuları tanımalısan. Hər gün bizim üçün yenilik və sınaqdır. Bunlar hamısı bizim üçün təcrübədir.

 

- Malta və San-Marinonu uda bilməyəndə milli siqnal verirdi ki, Litva və Lixtenşteyni uda bilməyəcəyik?

- Orada oyunlardan öncə media nümayəndələri ilə bərabər idik. Suallar olurdu ki, Litva və Lixtenşteynin yer aldığı qrupda çətin olacaq? Demişdim ki, çətin olacaq. Malta ilə görüşdə epizodlarımız var idi, dəyərləndirə bilmədik. Eyni ssenari Lixtenşteynlə görüşdə oldu. San-Marino və Tacikistana qalib gəldik, amma məmnun olmadıq. Həm yaxşı oyun, həm böyük hesablı qalibiyyət istəyirik. Azarkeşlər haqlıdır. Bu gün öz gücümüzü tam göstərə bilmirik. Bəhanə kimi demirəm, hücum xəttində Mahir Emreli və Musa Qurbanlıdır. Komanda olaraq Mahirə köklənmişik. Futbolçularımız az oynayır. Tam ideal formada deyillər. Bu da istər-istəməz komandaya təsir edir. Bu çətinliklərin içərisində təslim olmamalıyıq.

 

- Nəzərə alsaq ki, futbolçularımız oynamır, legioner limiti də yoxdur. Qarşıdakı tsikllər də bu cür davam edəcək?

- Tək limiti bəhanə etməyək. Rüfət Abbasovu qeyd edə bilərik ki, öz klubunda rəqabətdə legioner futbolçunu qabaqlayır. Klublarda verilən şansları düzgün dəyərləndirmək lazımdır. İddialı klublarda rəqabət aparmaq daha çətindir. Bizi sevindirən odur ki, Renat yeni kluba getdi. Gedəndən mütəmadi oynamağa başlayıb. Onun Ukraynada yaxşı oynaması birbaşa milliyə təsir edəcək. Mahir oynayır, klublarımızda oynayanlar var. Digərləri də rəqabətdə udmalıdırlar. Çıxış yolumuz futbolçuların daha yaxşı formada olmasıdır.