"Bu görüşdən gözləntilərim pozitivdir. İlk oyunda minimal hesabla məğlub olsaq da, "Qarabağ" rəqibə çətin anlar yaşatmağı bacardı". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçiriləcək cavab matçından gözləntilərini bölüşüb:
"Bakıda keçiriləcək cavab görüşü isə komandamız üçün əlavə üstünlükdür. Doğma azarkeşlər önündə daha çox topa sahib olacağımızı düşünürəm. Futbolçular bunu düzgün şəkildə reallaşdıra bilsələr, daha çox qol epizodu yaratmaq imkanımız olacaq. Ola bilsin ki, heyətdə də müəyyən dəyişikliklər olsun. Montiel və Kadi əsas heyətdə başlasa, hücum xəttində fərq yarada biləcək futbolçulardır. Aleksey Kaşuk da ilk oyunda pis təsir bağışlamadı və düşünürəm ki, cavab matçında özünü daha yaxşı göstərə bilər. Ümumilikdə, "Qarabağ"ın kifayət qədər qol imkanları yaradacağına inanıram. Əsas məsələ həmin epizodlardan maksimum yararlanmaq və oyunun əvvəlindən sona qədər tempi qorumaqdır".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.