"Azərbaycan futbolu üçün kifayət qədər vacib və maraqlı yay olacaq. Bu mövsüm 4 klubumuzun avrokubokların əsas mərhələsinə düşməsini arzulayırıq". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klublarımızın şanslarını dəyərləndirib:
"Əlbəttə, dörd komandanın hər birinin əsas mərhələyə yüksəlməsi ideal ssenari olar. Bunun üçün həm püşk amili, həm transfer siyasəti, həm də yay hazırlığı həlledici olacaq. Uzun illərdir bu yükü əsasən "Qarabağ" daşıyırdısa, artıq digər klubların da Avropada müəyyən iddialar ortaya qoymaq istədiyi hiss olunur. Ağdam klubu yenə də ən böyük ümid yeri sayılır. Klub artıq illərdir avrokubok ritmini bilir. Komanda qitəmiqyaslı tunirlərdə necə oynamağın vacibliyini mənimsəyib - səfər matçlarının idarə olunması, iki oyundan ibarət duellərdə taktiki çeviklik, təzyiq altında oyun intizamını qorumaq kimi məqamlar onların üstünlüyüdür. Bundan başqa, klubun oturuşmuş sistemi və məşqçi sabitliyi də mühüm amildir. Əgər yayda əsas futbolçuların böyük hissəsi qorunsa və bir neçə keyfiyyətli transfer edilsə, onların yenə əsas mərhələyə yaxın olması normal görünür. Xüsusilə son mövsümdə Premyer Liqada rəqabətin artması onu göstərdi ki, klublar təkcə daxili yarış üçün yox, avrokuboklar üçün də plan qurmağa başlayıblar.
Əsədov iki təmsilçimizin əsas mərhələyə yüksələcəyinə inandığını da vurğulayıb:
"Hansı daha şanslıdır? Bu barədə fikir söyləmək çətindir. Ən azı iki komandamızın qışa qədər qitə səhnəsində çıxış ecəyinə inanıram. 4 komandanın hər birinin heyətini güclənməsinə ehtiyac var ki, baş məşqçsilər də bu barədə düşünür. Hazırda "Sabah"ın heyəti daha sabirdir. "Qarabağ", "Turan Tovuz" və "Neftçi"nin yəqin ki, heyətinə yeni futbolçular cəlb edəcək. Dörd klubun hər birinin baş məşqçisinin avrokubok təcrübəsi var. Əsas odur ki, onların təcrübəsi komandalarının növbəti mərhələyə çıxmasında təkan olsun".
Qeyd edək ki, cari mövsümdə avrokubokların püşkatması iyunun 16-da keçiriləcək.