"Qış hazırlıq planını klub rəhbərliyinə yazıb vermişik. İdman direktorumuz Eldəniz Yusifov hazırda burda deyil, ölkə xaricindən qayıdışını gözləyirik. Bir neçə variant var". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib.
Onun sözlərinə görə, Premyer Liqanın qarşıdakı turunda "Zirə"ylə səfər matçından sonra sırf qış hazırlıq planı üzərində işləyəcəklər: "Yəqin, həmin görüşdən dərhal sonra - səhərti gün hər şeyi biləcəyik. Variantlardan biri ölkə daxilində qalıb Qəbələdə təlim-məşq toplanı keçməkdi. Antalyaya getmək variantı da təkliflərimiz sırasındadı. Amma hər şey bu şənbə keçiriləcək Zirədəki matçdan asılı olacaq. Çünki həm də transferlər necə, hansı şəkidlə olacaq, buna da aydınlıq gətirməliyik. Bacarığımız yuxarı yerdə olsaq, daha yaxşı şeylər edəcəyik".
Xatırladaq ki, hazırda 22 xal 6-cı pillədə olan Naxçıvan klubu 2-ci yerdə gedən "Zirə"dən 6 xal geri qalır.
MEHMAN SÜLEYMANOV