"Tacikistan millisinin oyununda inkişaf sezilir. Matçın tam sönük keçdiyini deyə bilmərəm. Ara-sıra fürsətlər yaxalayırdıq, oyunumuz sürətli alınırdı". Bu sözləri Sport24.az açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə deyib.
MillininTacikistanla yoxlama matçı barədə fikirlərini bölüşən veteran futbolçu xətlərarası əlaqələrin istənilən səviyyədə olmadığını vurğulayıb:
"Xüsusilə hücumlara keçid zamanı müəyyən yaxşı epizodlarımız oldu. Görünən odu ki, xətlərarası əlaqə o qədər də ürəkaçan deyil. Futbolçular bir-birinə hələ tam öyrəşməyib. Bu da meydanda müəyyən epizodlarda özünü göstərirdi. Bəzi futbolçuların klublarında oyun praktikasının az olması da gözə çarpırdı. Fikrimcə, futbolçular bir-birini daha yaxşı tanıdıqca və oyun praktikası artdıqca bu çatışmazlıq da aradan qalxacaq. Millinin hər bir oyununda fərqli bir şey gözləyirəm. Hər qarşılaşmada komandanın daha yaxşı oyun nümayiş etdirəcəyinə ümid edirəm. Tacikistanla görüşdə əsas məsələ qələbə qazanmağımız idi. Bu qələbə motivasiyamızı daha da yüksəldəcək. Qalib gəlmək hər zaman komandaya əlavə inam verir. Bu oyun digər qarşılaşmalara da ümid verir və qarşıdakı matçlar üçün pozitiv düşünməyə əsas yaradır. Litva və Lixtenşteynin səviyyə baxımından bizdən üstün olduğunu deyə bilmərəm. Əlbəttə, hər iki komanda ilə oyunlarda çətinlik olacaq və asan qarşılaşma gözləmirik. Amma baş məşqçimiz Ayxan Abbasov bu məsələlərdən xəbərdardır və komandanı qarşıdakı oyunlara ən yaxşı şəkildə hazırlamağa çalışacaq. Futbolçular da meydanda əllərindən gələni etməlidirlər. Millimizdən yalnız qələbə gözləyirik və ümid edirəm ki, qarşıdakı oyunlarda da yaxşı nəticələr əldə edəcəyik".
Qeyd edək ki, Azərbaycan - Tacikistan görüşü millimizin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yığma növbəti oyununu UEFA Millətlər Liqasında Litva ilə səfərdə və evdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.