"Real"ın braziliyalı futbolçusu Vinisius Juniorun irqçiliklə bağlı yaşadığı hadisələrdən bəhs edən "Dance, Vini" sənədli filmi Beynəlxalq "Emmy" mükafatına namizəd göstərilib. Sport24.az xəbər verir ki, Netflix-in Braziliya istehsalı olan və 2025-ci ilin mayında yayımlanan ekran əsəri "Ən yaxşı idman sənədli filmi" kateqoriyasında mükafat uğrunda mübarizə aparacaq. Qalib noyabrın 23-də Nyu-Yorkda keçiriləcək 54-cü Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində açıqlanacaq.
Sənədli filmdə Vinisius karyerası ərzində dərisinin rənginə görə üzləşdiyi irqçilik halları barədə birbaşa danışır. Onun "Flamenqo"dakı ilk addımlarından "Real" və Braziliya millisində dünya səviyyəsinə yüksəlməsinə qədər olan karyera yolu da ekran əsərində əks olunub.
Filmin diqqətçəkən hissələrindən biri 2023-cü ildə "Mestalya" stadionunda keçirilən "Valensiya" – "Real" matçında baş verən hadisədir. Həmin qarşılaşmada Vinisius özünə qarşı irqçi təhqirlər səsləndirən azarkeşləri hakimə göstərmiş, görüntülər qısa müddətdə dünya mediasında geniş yayılmışdı.
Qeyd edək ki, sənədli film həm müsbət rəylər alıb, həm də mübahisələrə səbəb olub. "Valensiya" klubu "Netflix" və "Conspiraçao Filmes" şirkətinə qarşı məhkəməyə müraciət edərək bəzi görüntülərin klubun nüfuzuna zərər vurduğunu iddia edib. Klub kompensasiya və həmin görüntülərin geri çəkilməsini tələb edib. Vinisius Junior isə məhkəmə işinə cəlb olunmayıb.
"Dance, Vini" "Temps Mort", "The Philipstown WireCar Grand Prix" və "Tom Daley: 1.6 Seconds" sənədli filmləri ilə birlikdə "Ən yaxşı idman sənədli filmi" nominasiyasında mübarizə aparacaq.