"Qalatasaray" Vilfrid Sinqonun zədəsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Sport24.az xəbər verir ki, İstanbul klubu rəsmi açıqlamasında futbolçunun zədəsi ilə bağlı ortaya atılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.
Klub bildirib ki, Sinqonun zədələndiyi ilk gündə aparılan müayinələr zamanı onun sağ budunun arxa əzələ qrupunda BAMIC 3C tipli zədə – əzələ, fassiya və tendonu əhatə edən orta-ağır dərəcəli dartılma, zədələnmə və qanaxma aşkarlanıb.
"Qalatasaray"ın məlumatına görə, 25 yaşlı müdafiəçinin müalicəsi əvvəlcədən müəyyənləşdirilmiş plan üzrə davam edir.
Klub Sinqonun axilles vətərinin qopması, həmçinin "Qalatasaray"a transfer olunarkən xroniki zədəsinin olması barədə yayılan xəbərləri isə qəti şəkildə təkzib edib:
"Futbolçumuzun axilles vətərinin qopduğu və ya "Qalatasaray"a transfer prosesi zamanı xroniki zədəsinin olduğu barədə xəbərlər qəsdən yayılan və tamamilə yalan məlumatlardır".
"Qalatasaray" azarkeşlərini futbolçunun durumu ilə bağlı yalnız klubun rəsmi kanallarından yayılan məlumatlara etibar etməyə çağırıb.