“Kəpəz”in baş məşqçisi postunda Azər Məmmədovu əvəzləyən Adil Şükürov artıq bir neçə gündü komanda ilə birlikdədi. Görəsən, 46 yaşlı mütəxəssis yeni komandası barədə nə düşünür? Bu və bizi maraqlandıran suallara cavab tapmaq üçün “sarı-göylər”in yeni çalışdırıcısı ilə danışdıq. Şükürov Sport24.az-a müsahibəsində həm görəcəyi işlər, həm də həmişə, hər şeydən narazı gəncəli veteranlardan danışdı. 


- Gəncə sizi necə qarşıladı?

- Gəncə mənim üçün yad yer olmadığı üçün komandanın bazasına gəldiyim ilk andan hər kəs 1999-2000 mövsümünü xatırlatmağa başladı. O dönəmdə ki, yenidən qurulmuş komanda idik. İndi isə Premyer Liqadan düşmə təhlükəsi olan komanda var. Unudulmadığıma, mənə güvəndikləri üçün hər kəsə öz təşəkkürümü bildirirəm. 

- Artıq bir neçə gündü komandaya məşq keçirsiz. Futbolçuların fiziki-psixoloji durumu nə yerdədi?

- Komanda ilə məşqlərə başladığım ilk gündən futbolçulara "Kəpəz"in tarixi və parlaq nəticələr qazanan komanda olduğunu aşılamaq oldu. Onlar bilməlidirlər ki, klubun böyük azarkeş ordusu var. Eyni zamanda mövcud durumda hər kəsin istəyi budur ki, komandamız Premyer Liqada daha yaxşı yerlərə yüksəlsin.


- Sizcə, ilk növbədə nəyi dəyişmək lazımdı ki, “Kəpəz” “qara zolaq”dan çıxa bilsin?

- Məncə, komandada olan futbolçulara daha çox özgüvəni qaytarmalıyıq və işlərimizi bu yöndə qurmağa çalışırıq. Fəlsəfəm belədir ki, hər bir işdə ilk növbədə hər kəs edə biləcəyi işə inanmalı və ondan sonra işinə ürəyini qoymalıdır . 

- Komandanızı fasilə müddətində yoxlama görüşündə iş başında görmək yaxşı olardı. Yoxlama görüşü keçirməyi planlaşdırırsız?

- Yoldaşlıq oyunu üçün bəzi komandalarla danışdıq. Lakin onların daha öncə razılığa gəldikləri rəqiblər olduğu üçün bizimlə görüşdən imtina etdilər. Bir sıra komanda isə ümumiyyətlə, yoxlama oyunu keçirməyəcəyini bildirdi. Biz də qərara gəldik ki, ikitərəfli oyun oynayaq. Buna üzülmürəm. Hər işdə bir xeyir var. Məsələn, bütün oyunçular bərabər yüklənmiş olacaq. Həm də hamısını iş başında görmüş olacam.

- Baxışda olan afrikalı hücumçu ilə bağlı qərarınızı bilmək istərdik.

- İbrahimi illər öncə "Bakı" akademiyasında çalışanda görmüşdüm və yenidən bu futbolçunu sərəncamımda görməyim çox xoş oldu. Lakin indiki durumda o, komandaya kömək edə bilməz.

- Necə düşünürsüz, hər şeydən narazı olan Gəncənin futbol veteranları “Kəpəz”in sabiq futbolçusu Adil Şükürüovun ətrafında birləşə biləcəklər?

- İlk görüşümüzdə bütün veteranlara bildirdiyim məsələ o oldu ki, "Kəpəz" üçün ən yaxşısını etməliyik. Bu gün Gəncəyə qayıdışımın əsas qayəsi mənim üçün doğma olan "Kəpəz"i bugünkü durumdan daha yaxşı yerlərə daşımaqdır. Bunun üçün də heç kim üçün yox, "Kəpəz"in əzəmətli adı ətrafında yığışsınlar və bu işdə bizlərə səbirlə kömək etsinlər.

- Rəhbərlik ev oyunları üçün məkan olaraq Tovuzu seçib. Sizcə, Tovuz daha yaxşı varinatdı, yoxsa Qəbələ?

- Məkanından asılı olmayaraq ilk növbədə komanda futbol oynayaraq qalib gəlməyi bacarmalıdır. İlk fikir xallar qazanmaq və daha üst pillələrdə olmaqdır.

- Tələbkar gəncəli azarkeşlərə nəticə ilə bağlı nə söz verə bilərsiz?

- Gəncədə futbolu bilən və mənim də yaxından tanıdığım dostlarım var ki, futbolçu dönəmindən bu günə qədər davamlı olaraq bir-birimizlə ünsiyyətimiz qalır. Hər kəs də bilir ki, "Kəpəz" illər öncə davamlı olaraq medalçılar sırasında, çempionatda ən az məğlub olan komandalardan biri olub. Etiraf edim ki, bu gün "Kəpəz" əvvəlki illərin komandası deyil. Lakin inanıram ki, vaxt gələcək Gəncə azarkeşləri o anları da yaşayacaqlar. Bunun üçün ilk növbədə komandanın Premyer Liqada qalmağını təmin etməliyik və daha sonra gələcək planları qurmalıyıq. İnşaAllah, mən inanıram və inandığım üçün də bu gün "Kəpəz"dəyəm. Amma dediklərimi həyata keçirmək üçün bir az səbirli olmalıyıq. Qarşıda uzun bir marafon var və biz bu marafona son sıralardan başlamışıq. Yaranmış durumu da düzəltmək üçün vaxt lazımdır. İnanıram ki, əlimizdəki vaxt lehimizə işləyəcək
RƏŞAD QASIMOV