"Artıq "Sumqayıt"da daha sərbəst oynayıram". Sport24.az xəbər verir ki, bunu "Sumqayıt"ın basketbolçusu Kolin Golson klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

O bildirib ki, NTD-dən ayrıldıqdan sonra yeni kollektivə uyğunlaşması qısa çəkib: "Doğrusu, özümü burada ailənin bir üzvü kimi hiss edirəm. Komanda yoldaşları olaraq bir-birimizi yaxşı anlayırıq. Çalışırıq ki, bir yerdə daha çox vaxt keçirək".

 

Amerikalı hücumçu blogerlik fəaliyyətindən də danışıb: "Bəli, basketbol oynamaqla yanaşı, həm də blogerliklə məşğulam. Sumqayıt və Bakıda çəkdiyim videoların belə çox ajiotaja səbəb olacağını gözləmirdim. Videolarıma insanlar tərəfindən çox fərqli reaksiyalar da gəlir. Bəyənənlər də olur, buna təəccüblənənlər də tapılır".

 

Golson ölkə kubokunun 1/8 finalında qarşılaşacaqları "Neftçi" ilə bağlı fikirlərini də bölüşüb: "Elə də güclü komanda deyillər. Onlara qarşı oynamaq mümkündür. "Neftçi" bizi daha çox təhlil etməlidir. Çünki "Sumqayıt" onlara çətin anlar yaşada bilər. Biz "Neftçi" ilə oynayacağımıza görə narahat olmamalıyıq".

 

Qeyd edək ki, "Sumqayıt" – "Neftçi" sabah saat 19:00-da start götürəcək.