"Pley-ində də uğurlu çıxış edəcəyimizi düşünürəm". Sport24.az xəbər verir ki, bunu "Sumqayıt"ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Sərhədçi" ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandasının şanslarını dəyərləndirib:
"Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik. Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq. Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik. Bir vaxtlar "Sərhəçi"nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır. Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyun gözləyir. "Sərhədçi"ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq. Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır".
Əliyev azarkeşlərə də çağırış edib:
"Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompkeksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək verdilər. İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə "Sərhədçi"ni məğlub etmək istəyirik".