"Abşeron"un türkiyəli basketbolçusu Ömər Yavaş klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, 24 yaşlı oyunçu Azərbaycan Basketbol Liqasında "Naxçıvan"la pley-off mərhələsinin sonuncu matçından öncə fikirlərini açıqlayıb.
- Komanda axırıncı oyunda psixoloji baryeri aşa bildi və qalib gəldi. Pley-off seriyasında hesab bərabərləşdi. Bu qələbədə sənin də rolun böyük oldu. Geridə qalan matçları necə dəyərləndirərdin?
- Komanda kimi yaxşı oyun nümayiş etdirdik. Növbəti qarşılaşmada da belə mübariz olsaq, qalib gəlmək şansımız yüksəkdir. Mövsümün tez bitməsini istəmirik və buna görə də mümkün qədər irəli getmək üçün əlimizdən gələni edirik.
- Pley-offun 3-cü matçında hər iki komanda parket üzərinə "ölüm-dirim" mübarizəsinə çıxacaq. Sənin fikrincə, yola davam etmək üçün komandaya nə lazımdır?
- Bəli, bu oyun hər iki komanda üçün kritik bir qarşılaşmadır. Ona görə də gözəl və eyni zamanda, gərgin bir görüş olacaq. Öz adımdan deyə bilərəm ki, həmin qarşılaşmada əlimdən gələnin ən yaxşısını edəcəm. Biz komanda olaraq hərəkət etsək, hər bir çətinliyin öhdəsindən gələcəyik. Bunu mövsüm ərzində də sübuta yetirmişik.
- Sənin avrokubok təcrübən də var. Türkiyədə çıxış edərkən Avropa turnirlərində iştirak etmisən. Qısa müddətdir Azərbaycandasan. Basketbolumuzda hansı müsbət və mənfi məqamları qeyd edə bilərsən?
- Azərbaycan basketbolu haqqında bura gəlməyənə qədər çox böyük təəssüratım yox idi. Gəldikdən sonra isə burada gözəl rəqabətin getdiyini gördüm. Yerli və ya legioner fərq etməz, hər biri parket üzərində sona qədər mübarizə aparır. Liqanızda çox dəyərli məşqçilər və oyunçular çıxış edir. Buna görə də ABL daha çox dəyərləndirilməli bir çempionatdır.
- Növbəti mövsüm üçün yenidən burada oynamaq istəyərsən?
- Azərbaycana çox qısa bir müddətdə alışdım. Çox gözəl insanlarla tanış oldum. Belə bir atmosferdə, dəyər gördüyüm ölkədə uzun müddət oynamaq istəyindəyəm. Ümid edirəm ki, menecerlər, baş məşqçilər də haqqımda eyni şəkildə müsbət düşünür.