Misli Premyer Liqasında "Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzan "Şəfa"nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:
– Penalti epizoduna qədər oyunun gedişatı bizim üçün pis alınmırdı. Həmin ana qədər "Qarabağ"a demək olar ki, 100 faizlik qol şansı verməmişdik. Ümid edirdik ki, əks-hücumlarda imkan tapıb qol vura bilərik. Bu görüşdən ən azı 1 xalla ayrılacağımızı düşünürdük və bura minimum 1 xal üçün gəlmişdik. Futbolçularımdan narazı qalmadım, hətta paltardəyişmə otağında onlara təşəkkür etdim. "Sabah"la ağır oyun keçirməyimiz fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda futbolçularımın nümayiş etdirdiyi mübarizədən razı qaldım, pis oyun alınmadı.
– Sıx qrafikdəsiniz və "Qarabağ"dan sonra növbəti rəqibiniz çempionluğa oynayan "Turan Tovuz" olacaq. Bu gərginlik komandanın fiziki durumuna necə təsir göstərəcək?
– "Turan Tovuz"la matça milli komandaların fasiləsindən sonra çıxacağıq, hazırlıq üçün önümüzdə təxminən 3 həftə vaxt var. Onsuz da çempionatdakı bütün komandalar, "Neftçi", "Sabah", "Qarabağ" həmin sıx qrafiklə oynayır. İddialı rəqiblərlə oyunlara məğlub olmaq üçün çıxmamışdıq, ən azı xal qoparmağa çalışırdıq. Nəzərə almaq lazımdır ki, qarşılaşdığımız komandalar bizimlə oyuna qədər avrokuboklarda rəsmi matçlar keçirmişdilər. Biz isə cəmi 2 ay, 2 ay yarım öncə formalaşmış yeni kollektivik. Buna baxmayaraq, komandam meydanda layiqli mübarizə apardı. Önümüzdəki 3 həftəlik fasilədən maksimum istifadə edəcəyik və Tovuzda daha yaxşı, daha güclü "Şəfa" görəcəksiniz.