Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və federasiyanın digər rəsmiləri ilə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3×3 basketbol yarışlarının meneceri xanım Yovana Vukoye və Basketbol Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş baş tutmuşdur. Sport24.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanda 3×3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Basketbol Çempionlar Liqasında iştirakı məsələləri geniş müzakirə olunmuşdur.

 

Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə intensiv olaraq beynəlxalq arenalarda başda Basketbol Çempionlar Liqası olmaqla iştirakının vacibliyini vurğulamış, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar. Eyni zamanda, görüşdə Azərbaycan Basketbol Liqasının (ABL) mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunmuşdur.

 

Görüşün sonunda rəsmilər xatirə şəkilləri çəkdiriblər.