"Boyan Naydenov bizə təklif olunan futbolçulardan biridi. Ancaq indidən deyə bilmərəm ki, onu transfer edəcəyik. Maddi şərtlərimizə uyğun gələn legionerlər axtarışındayıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.
Şimali Makedoniya mətbuatı bu ölkənin məşhur "Vardar" klubunda çıxış edən Boyan Naydenovin bir neçə təklifi olsa da, məhz "dənizçilər"lə müqavilə imzalamaq ehtimalını yüksək dəyərləndirir. Ancaq Hacıyevin sözlərinə görə, bu, reallığı əks etdirmir: "Qış transferlərini büdcəmizə uyğun reallaşdıracağıq. 4 əcnəbi futbolçu cəlb etmək fikrindəyik. Axtarışlarımız bir neçə ölkədədi. Bəli, bunlardan biri Şimali Makedoniyadı. Digər ölkələrin Gürcüstan və İranın olduğunu deyə bilərəm. Bizə müdafiə və hücumun mərkəzinə futbolçular lazımdı ki, bu mövqelərdə rəqabəti artıraq. Yarımmüdafiəyə isə 2 futbolçu gətirmək fikrindəyik. Bəxtiyar Rəhmaniylə vidalaşandan sonra bizə oyun qurucusu, ümumiyyətlə, yarımmüdafiənin mərkəzinə transfer lazımdı".
Hacıyevin sözlərinə görə, az oynayan futbolçularından yenə gedən ola bilər: "Təbii ki, bunun üçün təklif olmalıdı ki, biz də gedişə imkan yaradaq. Ancaq bu futbolçu kimi Kamal Qurbanov nəzərdə tutmamışıq. Kamal cinah müdafiəçisidi və komandamızda hər mövqedə rəqabət üçün 2 futbolçunun olması lazımdı. Kim oynamırsa, az oynayırsa, hamını da buraxa bilmərik. Bu zaman ehtiyat skamyamız və deməli, komandada rəqabət olmaz. Biz isə əksinə, komandada rəqabəti artırmaq istəyirik".
40 yaşlı mütəxəssis adı əsasən "Sabah" ətrafında hallanan kapitanı Rahid Əmirquliyev, yaxud başqa bir təcrübəli futbolçuyla bağlı rəsmi təklif almadıqlarını və bu üzdən mümkün gedişləri haqda danışmasının onlar üçün çətin olduğunu də sözlərinə əlavə edib.
MEHMAN SÜLEYMANOV