"Səbail"lə müqaviləm cari mövsümün sonunadəkdi. Mənimlə bağlı "Sabah" və "Keşlə" variantlarının olması haqda saytlardan oxumuşam. Ancaq belə bir şey yoxdu. Bilmirəm bunu hardan çıxarıb, kimdən eşidib yazırlar". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev bildirib.

 

Mətbuatda qış fasiləsində klubunu dəyişəcəyi yazılan 32 yaşlı yarımmüdafiəçi bunun həqiqəti əks etdirmədiyini, ümumiyyətlə, bunu reallaşdırmaq haqda düşünmədiyini belə diqqətimizə çatdırıb: "Ən azı bu mövsümün sonunadək "Səbail"dəyəm. Təklif olsa belə, bunu qəbul etməyi düşünmürəm. Çünki klubumla müqaviləm bitməmiş harasa getmək fikrində deyiləm".

 

Futbolçu müqaviləsi olsa belə, təklif alması müqabilində getməsi əslində, normaldı. Ancaq Rahid kapitan olduğundan, bu haqda fərqli düşünür. Yəni, kapitan gəmini yarıyolda atıb getmək fikrindən uzaqdı: "Məncə, getməyim düzgün deyil. Özü də çempionatın başlamağına bir həftə qalıb. Buna görə indi klubumu dəyişməyi doğru saymıram".

 

Sirr deyil ki, Əmirquliyev "Səbail"də ən yüksək ödənişli futbolçulardan biridi. Klubun büdcəsində sıxıntılarının olduğunu nəzərə alsaq, Rahidlə bağlı maddi yükdən azad olmaq üçün ona azad agent status vermək, yaxud başqa kluba keçidini reallaşdırmaq olarsa, bəs onda necə? Kapitanı dinləyək: "Birincisi, inanmıram ki, "Səbail" belə etsin. İkincisi də belə təklifi özləri mənə etsələr ki, klub üçün bu, yaxşı addım olacaq, bundan sonra artıq düşünmək olar. Əvvəl gərək klub bu addımı atsın ki, maddi vəziyyətimiz pis olduğundan belə edirik, artıq bundan sonra transfer məsələsinə baxmaq olar. Ancaq əlbəttə, ürəyimdən keçmir ki, hadisələr belə axar olsun. Çünki burda mənə rahatdı, daim oynayıram, yaxşı kollektivimiz, komandamız var. İstəyirəm ki, mövsümün sonadək burda olum, "Səbail"ə kömək edim".

 

Məlumdu ki, "Səbail" daha çox oynamayanlar olsa belə, qış fasiləsində xeyli futbolçuyla yollarını ayırdı. Nəticədə komandanın ehtiyat oyunçular skamyası daha da qısaldı, yeni legioner transferi isə hələ ki məhz maddi şərtlərə görə reallaşmır. Rahid bu amilin mənfi təsirinin olacağıyla razılaşmaqla yanaşı, ümidini də itirmir: "Əlbəttə, ehtiyat skamya nə qədər uzun olsa, bir o qədər yaxşıdı. Ola bilər çempionat başlayanadək kimisə gətirəcəklər. Onu da nəzərə alaq ki, "transfer pəncərəsi" hələ xeyli müddət açıq olacaq. Bəlkə çempionat başlayandan sonra kimsə bizə qoşuldu. Bu, olsa, yaxşı olardı. Olmasa da, çalışacağıq ki, beləmizə düşən bu yükü daşıyaq".

 

Xatırladaq ki, Əmirquliyev ardıcıl 3-cü mövsümdü çıxış etdiyi "Səbail"də Premyer Liqamızın bürünc medalçısı olub. 

 

 

 

MEHMAN SÜLEYMANOV