Qadınların mübarizəsində dövrə oyunlarından sonra turnir cədvəlində ilk 4 pillədə qərarlaşan "Abşeron", "Milli Aviasiya Akademiyası", "Azərreyl" və "Gəncə" komandaları pley-offa vəsiqə qazanıblar. Sport24.az xəbər verir ki, 5-ci yeri tutan "Murov Az Terminal" və sonuncu olan UNEC isə ölkə birinciliyində mübarizəni dayandırıblar.
Yarımfinalda çempionatın lideri "Abşeron" dördüncü yerin sahibi "Gəncə" klubu ilə görüşəcək. Digər yarımfinal matçı isə "Milli Aviasiya Akademiyası" (2-ci yer) və "Azərreyl" (3-cü yer) kollektivləri arasında baş tutacaq.
Kişilərin mübarizəsində isə dövrə oyunlarının nəticələrinə görə, yarımfinalda turnir cədvəlinin birincisi olan "Murov Az Terminal" dördüncü yerin sahibi "Neftçi" ilə, ikinci olan "Azərreyl" isə üçüncü yeri tutan "Xilasedici" komandası ilə qarşılaşacaq. Turnir cədvəlində 5-ci və 6-cı yerlərdə olan olan MOİK və "Gənclər" komandaları ölkə birinciliyində mübarizəni dayandırıblar.
Qeyd edək ki, qadınlar arasında yarimfinal oyunları aprelin 15-də və 17-də, kişilər arasında isə 16 və 18 aprel tarixlərində keçiriləcək. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.
Yarımfinal oyunlarının təqvimi
Qadınlar (1-ci oyun)
15 aprel
15:00. "Abşeron" – "Gəncə"
17:00. "Milli Aviasiya Akademiyası" – "AZERRAIL"
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Kişilər (1-ci oyun)
16 aprel
15:00. "Murov Az Terminal" – "Neftçi"
17:00. "Azərreyl" – "Xilasedici"
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun AVF-nin rəsmi Youtube kanalında canlı yayımlanacaq
Qadınlar (2-ci oyun)
17 aprel
15:00. "Azərreyl" – "Milli Aviasiya Akademiyası"
17:00. "Gəncə" – "Abşeron"
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Kişilər (2-ci oyun)
18 aprel
15:00. "Xilasedici" – "Azərreyl"
17:00. "Neftçi" – "Murov Az Terminal"
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq