AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün keçirdiyi son oyunda Xorvatiyaya 1:4 hesabla məğlub olub. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən brifinqdə milli komandanın baş məşqçisi Vitali Borisov bu fikirləri səsləndirib:
"Güclü rəqibə qarşı oynadıq. Xorvatiya millisi qrupda keçirdiyi 6 oyunun hamısında qələbə qazandı və maksimum xalla Avropa çempionatının final mərhələsinə yollandı. Komandamız bu gün yaxşı çıxış etdi. Adətən ikinci hissədə çatdırmırdıq və oyundan qopurduq. Bu dəfə güclü rəqibə qarşı yaxşı mübarizə apardılar.
Heyətimizdə zədəli futzalçı çoxdur. Əksəriyyəti ağrıkəsici hesabına meydana çıxmışdı. Ancaq bunu hiss etdirmədilər.
Rövşən Hüseynli ilə bağlı nə lazımdırsa danışmışıq, məlumat vermişik. Onu bu toplanışdan kənarlaşdırmışıq, amma millinin qapıları növbəti toplanışlarda onun üzünə açıqdır. Bu, hamımızın millisidir. Bu gün buraxdığımız qolların heç birində qapıçının səhvi olmadı".