"Oyun yaxşı keçdi. Öz komandamı və rəqibi təbrik edirəm". Sport24.az xəbər verir ki, bunu "Murov Az Terminal"ın voleybolçusu Yelena Kokolj deyib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən orta oyunçu Yüksək Liqanın XIX turunun "Milli Aviasiya Akademiyası" ilə görüşü barədə fikirlərini bildirib:

 

"Doğrudur, üç xal götürmədiyimizə təəssüf edirəm. Amma çempionatın bu mərhələsində bunun komandam adına elə də əhəmiyyəti olmayacaqdı".

 

Voleybolçu növbəti turda üz-üzə gələcəkləri "Abşeron"la oyun barədə də danışıb:

 

"Növbəti rəqibimiz iki gün sonra qarşılaşacağımız "Abşeron"dur. Turnir cədvəlinin liderinə qarşı matç çətin olacaq. Lakin biz sonuncu qarşılaşmamızda yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Bununla da Yüksək Liqada çıxışımızı başa vuracağıq. Buna görə də təəssüf edirəm. Lakin bütün turnir boyu göstərdiyi oyuna görə komandamı təbrik edirəm".

 

Qeyd edək ki, "Murov Az Terminal" bu matçda 3:2 hesablı qələbə qazanıb.