"Neftçi" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində evdə "Zirə"yə 1:4 məğlub olub. Sport24.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Neftçi" hesabda 3:0, 4:0 olanda da azarkeşlər oyunun sonunu gözləməyə qorxurlar. Yayda qurulan komandanın gücü bir hissəyə çatır? Siz hesabda irəlidə ola-ola uduzmağı nə ilə əlaqələndirirsiz?
- Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsüz? Çox çətin prosesdir. Bizim hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq, Ağadadaş Salyanski təkbətək çıxıb, rəqibə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin etdiyi hər hücum təhlükəli epizodla bitir. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birə-bir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Bu sezonu qurtaracaq oyuna çıxmalıyıq. O oyunda daha başqa motivasiya ilə, karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Zaman göstərəcək. Bildiyimiz şeylər başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu sezon çox çətin görünür. Çox şeyləri mətbaut konfransında açıb deyə bilmirik.
- "Sabah"la kubok matçında geridönüşə inanırsız?
- İnanıram. "Turan Tovuz"la oyundan sonra "Sabah" da kuboka son çıxış yolu kimi baxır. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.
- Azarkeşlərlə də görüşmədiz. Bütün bunların sonunda özünüzün bu məğlubiyyətlərdə rolunuzu görürsüz?
- Çox yaxşı sualdır. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaxşı yol özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmdə gəlirik, problemli komandanı götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər. Bu cür faciə olan oyunlardan...Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.
- Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiz?
- Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir də, nə yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.
- "Sumqayıt"ın büdcəsi "Neftçi"dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa "Neftçi"nin futbolçuları ilə? Ümumiyyətlə, "Neftçi" səviyyəsində, iddialı olacaq kollektiv yığışıb?
- "Neftçi"də işləmək "Sumqayt"da işləməkdən daha çətindir. "Sumqayıt"da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. "Neftçi"də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. "Neftçi"də çətindir. "Sumqayıt"a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra Konfrans Liqasına da getdik. "Neftçi"də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, xeyr iddialıdan uzaq komandayıq.