Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin liberosu Yuliya Kərimova komandanın Qızıl Avropa Liqasına hazırlıq prosesi ilə bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

O, komandada əhval-ruhiyyənin yüksək olduğunu söyləyib:

 

"Qızıl Avropa Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya millisi ilə birgə təlim-məşq toplanışı, həmçinin ABŞ klubuna qarşı yoxlama oyunu keçirdik. Komandada əhval-ruhiyyə yüksəkdir. İndi hazırlıqlarımız Yunanıstanda davam edir. Burada bir neçə yoxlama oyunu nəzərdə tutulub. Bu matçlar həm taktiki hazırlığın möhkəmlənməsi, həm də komandanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qızıl Avropa Liqasında mübarizəyə mayın 30-da Bakıda start verəcəyik. Komandanın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır".

 

Qeyd edək ki, yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.