"Qalatasaray" çempionluğu rəsmiləşdirəndən sonra klubun azarkeşləri Berlində iğtişaşlar törədib. Sport24.az Berlin polisinin məlumatına istinadən xəbər verir ki, yaşananlarda 33 polis yaralanıb.

 

Bazar günü İstanbul nəhəngi "Kayserispor"u darmadağın edərək (3:0) mövsümün sonuna iki tur qalmış çempionluğu təmin edib. Qeyd olunur ki, matçdan sonra Kurfürstendamm bulvarına 2,5 minə yaxın futbol azarkeşi toplaşıb.

 

Polis vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, "Qalatasaray" azarkeşləri polisə pirotexniki vasitə, daş və butulka atıblar. 33 polis əməkdaşı yaralanıb, onlardan ikisi xəstəxanada müalicə olunur, dördü isə xidməti tərk etmək məcburiyyətində qalıb.

 

İğtişaşlar zamanı polis 34 nəfəri həbs edib. İttihamlar irəli sürüldükdən sonra saxlanılanların hamısı sərbəst buraxılıb.